Cari ilin noyabrın 15-də Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin Albaniyaya dövlət səfəri başlayıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Dövlət başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.Albaniyanın paytaxtı Tiranadakı “Brigades” sarayında dövlət başçımızın rəsmi qarşılanma mərasimi olub. Albaniya Prezidenti Bayram Beqay İ.Əliyevi törənlə qarşılayıb.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada 1971-ci ildə inşa olunmuş, üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılmış Milli Qəhrəmanlar xiyabanında yerləşən on iki metrlik “Mother Albania” abidəsini ziyarət edib, üzərinə əklil qoyub.
Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun əsas prinsiplərindən biri də Azərbaycana hörmət və ehtiramla yanaşan bütün ölkələrlə münasibətlərin tənzimlənməsi, əlaqələr qurulması, bərabərhüquqlu və səmərəli əməkdaşlığın təmin edilməsi idi. Bu prinsiplər bizim Albaniya Respublikası ilə əməkdaşlığımızı da məqsədəuyğun edir. Üstəlik, Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Belə ki, rəsmi Tirana Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 23 sentyabr 1993-cü ildə qurulmuşdur.Qeyd etmək lazımdır ki, Albaniya ¬Prezidenti Buyar Nişani 2016-cı ildə və 2017-ci ildə IV və V Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir. 2018-ci ilin və 2019-cu illərin mart aylarında isə Albaniya Prezidenti cənab İlir Meta VI və VII Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.Bunu da vurğulamaq yerinə düşər ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.Bu səfər ölkələrarası münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada keçiriləcək “Azərbaycan Həftəsi”nə hazırlıqla üst-üstə düşdüyünə görə də əlamətdardır. Xarici İşlər Nazirliyinin məlumatlarında bildirilir ki, Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Bundan başqa, 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Prezident İlham Əliyev hələ IX Qlobal Bakı ¬Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə söhbət zamanı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.Prezident İlham Əliyev Albaniya dövlət başçısı ilə görüşdə qeyd edib ki : “Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. ” Albaniya prezidenti görüş zamanı qeyd edib ki: “ Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib... Ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq aparılır. Parlamentlərarası əməkdaşlığa gəldikdə, Albaniya və Azərbaycan arasında dostluq qrupları fəaliyyət göstərir. Bu istiqamətdə atılacaq addımlar çox ola bilər. İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər.”
Səfər zamanı prezident İlham Əliyev öz çıxışında həm Albaniya-Azərbaycan əlaqələrinə, həm də digər məsələlərə diqqət çəkərək bildirib ki : “Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik. Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul olunmuşdur. Ancaq bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm.Mən Sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq.O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük.Eyni zamanda, biz Sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik.Daha bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Yəni, demək istəyirəm ki, bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir. Buna görə də mən Sizə minnətdaram.”
Həsən Xələfov
Bakı şəhəri 28 №-li tam orta məktəbin Tarix müəllimi