Dahi Azərbaycan yazıçısı İlyas Əfəndiyev kimi yazıçılar, “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüş Pəhlivan Fərzəliyev kimi qəhrəmanlar yetişdirən Füzuli rayonumuzun böyük hissəsi 23 avqust 1993-cü il tarixində əzəli və əbədi düşmənimiz olan erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunsa da digər ərazilər hələdə işğal altında qalırdı. Bu dözülməz və qəbuledilməz idi.
Gözəl, səfalı təbiətə malik olan Füzuli rayonu Qarabağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan sahəni əhatə edir. Sahəsi 1386km2-dir. 1959-cu ilin aprel ayında Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun Qaryağın adı dəyişdirilərək Füzuli adlandırılmışdır.
İşğal zamanı erməni vandalları yerli əhalinin başına müsibətlər gətirmiş, 181 nəfər əsir və itkin düşmüş, 663 nəfər şəhid olmuş, bir çox tarixi-dini abidələrimizi məhv etmişlər. Bu abidələr sırasına Babı kəndində yerləşən Şeyx Babi Yaqub türbəsi (Xlll əsr), Aşağı Veysəlli kəndində yerləşən Mirəli türbəsi (XlV əsr) və s. aid etmək olar.
Nəhayət, uzun müddətli səbrdən, lakin müharibə başlamasından qısa bir müddət sonra rayonumuz 62 yaşayış məntəqəsi, həmçinin Füzuli şəhəri 2020 -ci il 17 oktyabrda 44 günlük müharibənin 20-ci günündə işğaldan azad olundu. 26 noyabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Bütün qəlbi və ruhu ilə Azərbaycanın haqqının bərqərar olmasını istəyən qeyrətli oğullarımız torpaqlarımızı azad etmək üçün şücaətlə döyüşmüş və 25301 nəfər hərbi qulluqçumuz bu medal ilə təltif edilmişdir.
Rayon azad edildikdən sonra əraziyə dəymiş dağıntı və ziyanın hesablanması üçün yerli və xarici ekspertlərdən ibarət işçi heyəti yaradılır. Yenidənqurma işləri üçün planlar, layihələr hazırlanır. 14.02.2021 tarixində rayonun baş planı təsdiq olunmuş, yeni infrastruktur obyektlərinin tikintisinə başlanılmışdır. Prezidentimizin əraziyə çoxsaylı səfərləri baş tutmuşdur. Bir çox obyektlərin təməlqoyma mərasimində iştirak etmişdir.
Bir Azərbaycan müəllimi olaraq ümid edirəm və inanıram ki, dövlətimiz daim hər addımında irəli gedəcək. Şəhidlərimiz ruhunu hörmətlə anırıq.
QARABAĞ AZƏRBAYCANDIR!
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Gülər Əliyeva