Azərbaycan qazı artıq Bolqarıstandadır

Azərbaycan qazı artıq Bolqarıstandadır
Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri göstərdi ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulub. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.
Çıxışında Cənab Prezident İlham Əliyev bildirib ki: “Ölkələrimiz arasındakı siyasi əlaqələrin davamlı inkişafı ilə yanaşı, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə əhəmiyyəti daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub”. Eyni zamanda ölkəmizin başçısı qeyd edib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma nəzər salsaq görərik ki, böyük iqtisadi əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.
Bununla yanaşı xüsusi qeyd etmək yerinə düşər ki, işğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Buna görə də Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsi üçün dəvət olunacaqlar. Göründüyü kimi balanslaşdırılmış xarici siyasət aparan Azərbaycan digər ölkələrlə olduğu kimi Bolqarıstanla da diplomatik əlaqələrin inkişafında maraqlıdır.

Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər