Bu gün xalq olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq

Bu gün xalq olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq
30 illik həsrətə son qoyan 44 günlük müharibənin başladığı gün-27 sentyabr. Həmin gün Azərbaycanda “Anım Günü” kimi qeyd olunur. Özləri şəhadətə qovuşaraq xalqımıza qələbəni yaşadan Vətən oğulları bu gün böyük hörmət və ehtiramla yad edilir. 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində Vətən torpağı işğaldan azad edildi. “Dəmir yumruq” adını alan bu əməliyyat sonradan Vətən müharibəsinə çevrildi. 44 günlük müharibə Azərbaycanın tarixinin şanlı səhifəsidir. Bu gün xalq olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. Hal-hazırda qarşıda dayanan əsas vəzifə işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev həmin rayonlara mütəmadi olaraq səfərlər edir. 30 il erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə çiçəklənmənin şahidi olacağıq. Vətən müharibəsinin ilk günündə işğaldan azad edilmiş Qaraxanbəyli kəndində şəhidlərimizin xatirəsinə abidə ucaldılmışdır. Füzuli uğrunda döyüşlərdə son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsi hər zaman əziz tutulur. Sentyabr 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfəri zamanı Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Cənab Prezident çıxışı zamanı bildirib ki, “44 günlük müharibə zamanı Azərbaycan ordusu hər gün irəli gedirdi. Düşməni qova-qova zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd işğaldan azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu. Biz xoşbəxt nəsilik ki, bu şərəfli tarixi hadisənin həm şahidi, həm də iştirakçılarıyıq. Biz fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Bir daha şəhidlərimizə rəhmət diləyərək bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

Sabunçu rayonu, 187 saylı tam orta məktəbin
İbtidai sinif müəllimi Natəvan Ağayeva


Oxşar xəbərlər