Azərbaycan ordusu 44 gündə öz şanlı tarixini yazdı

Azərbaycan ordusu 44 gündə öz şanlı tarixini yazdı 27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən heç vaxt silinməyəcək. 30 ildən bəri davam edən Azərbaycan-Ermənistan Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Hər fürsətdə fitnəkar hərəkətlərə əl atan, işğalçı siyasətini davam etdirən quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu. Dərhal da Azərbaycan dövlətinin, ordusunun kəskin və sərt cavabı ilə qarşılaşdı. Uzun zamandır səbr edən Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu tək yumruq oldu. İllərdir Qarabağa qayıtmaq eşqi ilə alışıb – yanan xalqımız, müzəffər ordumuz Ali baş komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Vətən müharibəsinə başladı.
Düşmən qarşısında inadkar, müstəqil dövlət, inkişaf və tərəqqi yolunda inamla addımlayan Azərbaycanı gördü. Bəli, Azərbaycan ordusu 44 gündə öz şanlı tarixini yazdı. Haqq savaşımız qələbə ilə başa çatdı. Artıq Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə və digər işğaldan azad edilmiş torpaqlarımızda ay ulduzlu, üçrəngli bayrağımız dalğalanır və dalğalanacaq!
Bu sevinci, bu tarixi bizə Vətən uğrunda öz canlarını bir an belə düşünmədən fəda edən şəhidlərimiz bəxş etdilər. Vətən uğrunda öz sağlamlıqlarını itirən qazilərimiz bəxş etdilər. Biz hər zaman onlara borcluyuq və təkcə 27 sentyabr deyil, hər an, hər zaman bizim yaddaşlarımızdadırlar.
Gözün aydın olsun can Azərbaycan,
Allah rəhmət etsin qoy şəhidlərə,
Vətənçün keçdilər öz canlarından,
Zəfəri borcluyuq yalnız sizlərə!

Sabunçu rayonu, 155 nömrəli tam orta məktəbin
tarix müəllimi Aynurə Musayeva


Oxşar xəbərlər