Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş ağıllı siyasəti ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı qələbə ilə nəticələndi

Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş ağıllı siyasəti ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı qələbə ilə nəticələndi Hər il sentyabrın 27-si Azərbaycanda – Anım Günü kimi qeyd edilir. Bu barədə Azərbayca Respublikası Prezidentinin imzaladığı sərəncamda deyilir: “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il 27 sentyabr Azərbaycanda Anım Günüdür!”
Düz iki il əvvəl 27 sentyabr 2020-ci il tarixində ikinci Qarabağ müharibəsi başladı. 44 gün davam edən döyüşlərdə 7 minə yaxın hərbçi, onlarla dinc sakin həlak oldu. Müharibəni labüd edən bir çox səbəblər var idi. Əsrlər boyu bollu-bərəkətli Azərbaycan torpağı bir çox dövlətlərin tamah məkanı olmuşdur. Bu torpaqları ələ keçirmək üçün min cürə fitnə-feyldən istifadə olunmuşdur. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Növbəti belə təxribat da 27 sentyabr 2020-ci ildə baş verdi. Ermənistan silahlı qüvvələri səhər saatlarında cəbhəboyu ərazilərdə atəşkəs rejimini pozaraq Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr vurmağa başladı. Bununla yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Xalqın birliyi, əzmi, vətənpərvərliyi, ağıllı, uzaqgörən sərkərdələri sayəsində həmişə ərazi bütövlüyümüzün qorunmasına, sülh və əmin-amanlığımızın bərqərar olunmasına nail olmuşuq. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla yerinə yetirdi və bu iş əzmlə davam etdirilir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu 44 günlük qələbə ilə nəticilənən müharibədə bəyan etdi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsinə çevrildi.
Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş ağıllı siyasəti ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı qələbə ilə nəticələndi. Çıxışlarının birində Ali Baş Komandanımız belə demişdi: – Məsələ sülh yolu ilə həll edilməsə, bunu hərb yolu ilə edəcəyik və etdik!
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.
Xalqımız əbədiyaşar sülhə, əmin-amanlığa, əbədi-əzəli torpaqlarına qovuşdu. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimiz Qələbə dolu tariximizə Zəfər tarixini də əlavə etdi – 10 Noyabr 2020-ci il!


Sabunçu rayonu, 311 nömrəli tam orta məktəbin
direktoru Şəlalə Mütəllimova


Oxşar xəbərlər