Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır

Traxomanın sosial  xəstəlik  kimi ləğv  olunması məhz  Zərifə  xanımın  adı  ilə bağlıdır Akademik Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonun Şahtaxtı kəndində anadan olmuşdu. Öz həyatını Səhiyyə elminin inkişafına həsr edən Zərifə xanım 1942-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. 1950-ci ildə Akademik Zərifə Əliyeva aspiranturaya daxil olmuşdur. 1960-cı ildən 1967-ci ilə kimi Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdı. XX əsrin 40-cı illərin sonunda Azərbaycanda gözü zədələyən, hətta korluğa belə gətirib çıxaran traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Belə bir zamanda Zərifə Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal rol oynamışdı.
Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanım Əliyeva həmin dövrdə kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınmasında xüsusi xidmət göstərmişdi.Böyük alim Zərifə xanım yalnız çalışdığı institutla kifayətlənməyərək respublikanın digər şəhər vərayonlarını gəzərək müalicə-profilaktik tədbirlər görmüşdü.Zərifə xanım 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur.Sözügedən institutda çalışdığı dövrdə bir çox cərrahiyə əməliyyatları aparmış və xəstələrə məsləhətlər vermişdi. Traxoma xəstəliyi ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparmışdı. Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını apardığı çoxillik müşahidələr və kliniki tədqiqatların nəticəsidir.
1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Professor Zərifə xanım Əliyeva doktorluq dissertasiyasınımüdafiə etdikdən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun Oftalmologiya kafedrasının professoru seçilir və 1983-cü ildən kəmin kafedranın müdiri olur. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında mühüm rol oynamış bir sıra monoqrafiya və kitabların müəllifidir. Zərifə xanım Əliyeva "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir. Bu kitab hal-hazırda da hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.1981-ci ildə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdü. Zərifə xanım Əliyeva gənc kadrların yetişməsində mühüm xidmətləri olmuşdu.Zərifə xanımın fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Böyük xidmətlərinə görə Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında 1985-ci il aprelin 15-də vəfat etmişdir. 1994-cü ildə Akademik Zərifə Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir. Zərifə xanım Əliyeva həm Ulu Öndər Heydər Əliyevin fədakar həyat yoldaşı, həm də Prezident İlham Əliyevin qayğıkeş anası olmuşdur.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova

Oxşar xəbərlər