Elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir

Elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir


Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına səfər edib. Səfər zamanı dövlətimizin başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşüb, iki ölkənin əlaqələrinə dair bir sıra məsələlər müzakirə olunub. Görüşdən sonra Prezident İlham Əliyev mətbuata bəyanat verib.
Dövlət başçısı bildirib ki, cənab Vuçiçlə təmasları uzun illərdir ki, davam edir: “Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var”.
Azərbaycan Prezidenti qeyd edib ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.
Səfər zamanı Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edilib. “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır” – dövlət başçımız deyib.
Birgə inşa ediləcək elektrik stansiyası barədə söz açan dövlət başçımız deyib ki, biz bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
Prezident İlham Əliyev bildirib ki, bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq: “Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər