Rusiya Azərbaycanla hərbi əməkdaşlığa can atır - MÜMKÜNMÜ?

Rusiya Azərbaycanla hərbi əməkdaşlığa can atır - MÜMKÜNMÜ? Azərbaycan və Rusiyanın hərbi əməkdaşlıq istiqamətində müzakirələr aparması diqqət çəkir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində olub və nazir müavini Vasili Osmakovla görüşüb.

Diplomatik nümayəndəlikdən Musavat.com-a verilən məlumata görə, söhbət zamanı müdafiə nazirlikləri arasında Azərbaycan-Rusiya əməkdaşlığının cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu il üçün təmasların və qarşılıqlı səfərlərin cədvəli müzakirə edilib. Hər iki tərəf 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoq və əməkdaşlığı daha da inkişaf etdirmək üçün konstruktiv öhdəliklərini bir daha təsdiqləyib.

Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra Rusiyanın Azərbaycana münasibətdə mövqeyi bəllidir, üstəlik rəsmi Bakının tələblərinə də əməl olunmayıb. Bu mənada hərbi əməkdaşlıqla bağlı müzakirələrə start verilməsi diqqət çəkir. Kremlin istədiyi nə ola bilər?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycan səfiri ilə görüş təşəbbüsün Rusiya Müdafiə Nazirliyi tərəfindən gəldiyini düşünür: “Bu görüş simvolik xarakter daşıyır. Azərbaycan-Rusiya münasibətlərində sualların sayı azalmayıb. Rusiya Azərbaycanın vurulan mülki təyyarəsinə görə kompensasiya ödəməyib, cinayətkarları cəzalandırmayıb. Əksinə, Moskvadan açıqlama verilib ki, təyyarənin vurulmasına görə heç kim cəzalandırılmayacaq”. E.Şahinoğlu şübhə etmir ki, belə vəziyyətdə iki ölkə arasında hərbi əməkdaşlıq mümkün görünmür: “Azərbaycan Rusiya ilə birgə hərbi təlimlər keçirmir. Bu ölkədən artıq silah da almırıq. Azərbaycan hərbi-siyasi müttəfiqi Türkiyədir”.

Oxşar xəbərlər