Dumanlı havanın səbəbi və nə vaxtadək davam edəcəyi açıqlandı

Dumanlı havanın səbəbi və nə vaxtadək davam edəcəyi açıqlandı Bir neçə gündür Bakı və Abşeron yarmadasında eləcə də bölgələrdə dumanlı hava şəraiti müşahidə edilir.

Yollarda görmə məsafəsinin məhdudlaşması sürücülər üçün çətinliklər yaradır.

Dumanlı havaya görə bəzi yollarda sürət həddi də aşağı endirilib.

Dumanlı hava nə vaxtadək davam edəcək?

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur.

Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.

Bu cür hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Dumanlı hava nədən yaranır?

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Ölkə.Az-a bildirib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciətində qatı dumanın avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirdiyini və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığını bildirib.

BDYPİ yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər