Ermənistanda siyasi repressiyaların aparılması, müxalifətin tamamilə neytrallaşdırılması, liderlərin və fəalların ardıcıl həbsləri barədə məlumatlar geniş yayılıb. Jurnalistlərin sıxışdırılması, media azadlığının məhdudlaşdırılması və informasiya mühitinə nəzarətin artırılması artıq adi bir praktika kimi təqdim olunur. Bundan əlavə, kilsə institutuna qarşı tətbiq edilən təzyiq və repressiv metodlarla bağlı iddialar da ölkədə demokratik dəyərlərin gerilədiyini göstərən nümunələr kimi diqqət çəkir.Bütün bu gedişat Ermənistanın daxili siyasi sabitliyinə və beynəlxalq öhdəliklərinə necə təsir edəcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.
Ermənistanı baş naziri Nikol Paşinyanın gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər belə repressiv üsullardan istifadə edəcəyi bildirilir. Burada ən çox diqqətçəkən də beynəlxalq aləmin Ermənistanda baş verənlərə sərgilədiyi susqun mövqedir. Halbuki, Qərb institutları bir çox ölkələrə təzyiqlər etmək üçün insan haqları, demokratiya, fikir azadlığından istifadə ediblər.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a açıqlamasında son dövrlər Ermənistanda siyasi fəallara, siyasi təşkilatlara, jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və ruhanilərə qarşı ciddi repressiv addımların müşahidə olunduğunu söyləyib: "Müxtəlif bəhanələrlə onlara qarşı həbslər həyata keçirilir. Diqqətlə araşdırıldıqda bu həbslərin siyasi motivli olduğu açıq görünür. Lakin Ermənistan hakimiyyəti bunu inkar edir və həmin şəxslərin guya müxtəlif cinayət əməllərində ittiham olunduğunu iddia edir. Bununla belə, həmin həbsləri həyata keçirən hakimiyyət nümayəndələri də yaxşı anlayır ki, bu proseslər siyasi xarakter daşıyır.
Gələn il Ermənistanda seçkilər keçiriləcək. Nikol Paşinyan artıq öz namizədliyini irəli sürüb və hazırda seçkilərə ciddi hazırlıq gedir. Belə bir mərhələdə siyasi rəqiblərin neytrallaşdırılması hakimiyyət üçün mühüm hesab olunur. Paşinyan anlayır ki, rəqiblərini indidən sərt üsullarla zəiflətməsə, seçki onun üçün çox çətin və ağrılı keçə bilər. Çünki həm siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də jurnalist və ruhanilər onun əleyhinə birləşərək hakimiyyətdən uzaqlaşdırılmasına çalışa bilərlər. Məhz buna görə də repressiv metodlara əl atılır".
Ekspert bu susqunluqdan ilhamlanan Ermənistan hökumətinin öz sərt və radikal addımlarını genişləndirdiyini, siyasi rəqiblərinə qarşı amansız repressiyalar tətbiq etdiyini vurğulayıb: "Təəssüf doğuran məqamlardan biri də budur ki, eyni hadisələr başqa ölkələrdə baş verdikdə həmin qurumlar daha sərt mövqe sərgiləyirlər, amma Ermənistanla bağlı susqunluq nümayiş etdirərək açıq şəkildə ikili standart tətbiq edirlər. Bu isə Ermənistan hakimiyyətini daha da həvəsləndirir. Nəticədə də biz bu baş verənlərin şahidi oluruq".