Ukrayna müharibəsinin taleyi yenidən qlobal siyasətin mərkəzinə çevrilib. ABŞ-ın yeni administrasiyasının formalaşdırdığı sülh planı, Zelenski ilə Tramp arasında gözlənilən görüş və Qərbin dəyişən mövqeyi tək bir sualı gün kimi ortaya çıxarır: Ukraynanı masa arxasında uduzdururlar?Son günlər sızan məlumatlar, diplomatik mesajlar və Vaşinqton–Brüssel xəttində yaranan narahatlıqlar bunun təsadüfi olmadığını göstərir.
İndiki sülh sazişi nədən ibarətdir - mətndə nələr var? Sızan məlumatlara görə, ABŞ-ın hazırladığı yeni sülh sazişi bir neçə kritik maddəni əhatə edir: Atəşkəsin dərhal elan edilməsi, cəbhə xəttinin indi olduğu kimi “müvəqqəti sərhəd” kimi tanınması, Rusiyanın nəzarət etdiyi ərazilərdə referendum və ya xüsusi status müzakirəsi, Ukraynaya təhlükəsizlik zəmanətinin ABŞ və bir neçə ölkə tərəfindən verilməsi, Rusiyaya qarşı sanksiyaların şərti yumşaldılması, Ukraynanın yenidən qurulması üçün Qərbin maliyyə proqramı.
Bu maddələrin böyük bir qismi Kremlə yaxın görünür və bir çox analitik artıq açıq şəkildə bildirir ki, plan Ukraynanın mövqelərini ciddi şəkildə zəiflədir. Əgər saziş bu şəkildə qəbul olunarsa, bu, ən azı siyasi baxımdan Ukraynanın “məğlubiyyəti” kimi qiymətləndirilə bilər.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ötən bazar ertəsi günü Cenevrədə Ukrayna, Avropa İttifaqı və ABŞ rəsmiləri tərəfindən yenidən hazırlanmış “sülh planı”nın təfərrüatları tam açıqlanmadığına görə bu barədə konkret fikir söyləmək çətindir:
“Bununla belə, mətbuata sızdırılan çox önəmli məqamlar var və biz sadəcə bu məqamlara aydınlıq gətirə bilərik. Məlumatlardan anlaşıldığına görə, Qərb ölkələri və Ukrayna tərəfindən hazırlanan yeni “sülh təklifləri” əslində rəsmi Kiyevə təqdim olunmuş 28 maddəlik layihənin üzərində bəzi korrektələr aparılması ilə ortaya çıxıb.
Bildirilir ki, Trampın Ukraynaya təqdim etdiyi 28 maddəlik layihə 19 maddəyə endirilib. Bu isə o deməkdir ki, ən azı 9 maddə tamamilə ixtisara salınıb. Nəzərə alsaq ki, bəzi maddələr Ukrayna və Avropa liderlərinin təklifi ilə layihəyə əlavə olunub, o zaman “sülh təklifi”ndə daha çox maddənin ixtisara düşdüyü anlaşılır. Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuata verdiyi açıqlamada dilə gətirdiyi bəzi fikirlər bu ehtimalı gücləndirir. O, açıqlamasında “sülh təklifi”ndə “daha az maddənin” saxlanıldığı və “bir çox düzgün element”lərin layihəyə əlavə olunduğunu söyləyib”.
Heydər Oğuzun fikrincə, ixtisara salınan əsas maddələr Ukraynanın Rusiyaya əlavə torpaq verməsi, NATO-ya üzvlükdən rəsmən imtina etməsi, əsgər sayının 600 minə endirilməsi və uzaqmənzilli silahların məhvi, rus dilinə rəsmi status verilməsi və s. ilə bağlıdır:
“Həqiqətən də Trampın “sülh təklifi”ndə yer alan bu maddələr Ukraynanın suverenlik haqlarının pozulması anlamına gəlirdi və imzalanması nəzərdə tutulan sülh sazişini kapitulyasiya aktına çevirirdi. Yenilənmiş “sülh təklifi”ndə bu maddələr üzərində ya ciddi korrektələr aparılıb, ya da tamamilə layihədən çıxarılıb.
Hazırda müzakirə olunan təkliflər paketində Ukrayna ordusunun 800 min həddində saxlanılması, NATO-ya üzvlük müddəasının Konstitusiyadan çıxarılmaması, amma onun qeyri-müəyyən dövrə qədər dondurulması, Rusiya tərəfindən işğal olunmuş ərazilərin faktiki sərhədə çevrilməsi, sülhdən əvvəl atəşkəsə gedilməsi və bundan sonra sülh danışıqlarına başlanması nəzərdə tutulur. Bundan əlavə, atəşkəs dövründə təmas xəttinə Böyük Britaniya, Fransa, Türkiyə və s. sülhməramlılarının yerləşdirilməsi də əsas şərtlər kimi irəli sürülür.
Sözsüz ki, yeni maddələrin Rusiya tərəfindən qəbul olunması çətin məsələdir. Xüsusilə də NATO dövlətlərinin əsgərlərinin sülhməramlılar kimi Ukrayna torpaqlarına yerləşdirilməsinə Putinin razılıq verməsi inandırıcı deyil.
2022-ci ildə Putin Ukrayna savaşını NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinə qarşı çıxdığı üçün başlatmışdı. İndiki halda sülhməramlı missiya adı altında NATO qoşunlarının təmas xəttinə yerləşdirilməsi də mahiyyət etibarilə Rusiyanın xofunu tətikləməkdən başqa bir şey deyil”.
Siyasi şərhçi hesab edir ki, istər Avropa, istərsə də Rusiya tərəfindən bu zamanadək irəli sürülən bütün təkliflər Ukraynaya sülh gətirmək məqsədinə xidmət etməyib:
“Həm Rusiya, həm də Avropa ölkələri maksimalist mövqedən çıxış edib, bu da bütün danışıqların yarımçıq kəsilməsi ilə nəticələnib. Göstərilən arqumentlər ondan xəbər verir ki, Ukrayna savaşı hələ uzun müddət davam etdiriləcək”.