Kəlbəcər Şəhəri Günü şanlı Zəfərimizin təcəssümüdür

Kəlbəcər Şəhəri Günü şanlı Zəfərimizin təcəssümüdür 1993-cü ildə Kəlbəcərin işğalı bölgənin tarixində ağır bir faciə idi. Minlərlə soydaşımız erməni hərbi birləşmələri tərəfindən doğma torpağını, evini tərk etməyə məcbur edilmiş, onlara cəmi 10 saat vaxt verilmiş, lakin 10 saat belə dinc sakinlərə çox görülmüş, 511 kəlbəcərli qətlə yetirilmiş, 321 dinc sakin isə əsir götürülmüş və itkin düşmüşdür.

Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur.

İşğal nəticəsində yüzlərlə tarixi abidə dağıdılmış, təbii sərvətlər talan edilmiş, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və muzey, xəstəxanalar və digər infrastrukturlar talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı.

2020-ci il Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə tarixə qızıl hərflərlə yazıldı. Ali Baş Komandanın siyasi iradəsi ilə 25 noyabr 2020-ci ildə Kəlbəcər sülh yolu ilə Azərbaycana qaytarıldı. Ərazini boşaltmaq üçün qarşı tərəf 10 gün vaxt istəyib. Lakin bu ərazini tərk edərkən, onlar ətraf mühitə ciddi ziyan vurmuş, biomüxtəlifliyi məhv etmiş və meşələri, evləri yandırmışdılar, mədəni artifaktları daşımışdılar.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin başlanması xalqımız üçün ruh yüksəkliyi yaratdı və yeni inkişaf mərhələsinin əsasını qoydu. Hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Yeni yollar, tunellər və körpülər inşa olunur. Xüsusilə Laçın–Kəlbəcər və Tərtər–Kəlbəcər avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edilmişdir.

Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır.

Kəlbəcərin azad olunmasında, eləcə də, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizə isə Allahdan can sağlığı diləyirik!

Pərvanə Vəliyeva,

Milli Məclisin üzvü


Oxşar xəbərlər