Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Bu müsahibə yalnız iki ölkə arasındakı münasibətləri izah etmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü açıq şəkildə ortaya qoydu. Müsahibədə ölkəmizin başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Eyni zamanda, müsahibə Azərbaycan liderliyinin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.Ilk növbədə qeyd edilib ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü dəfə iştirak edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Son bir neçə ildə Mərkəzi Asiya dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və AZərbaycan Prezidenti cənab İlham Əliyev də qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Bu səfərlər və ölkə başçılarının görüşləri Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Müsahibədə Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə, gündən-günə möhkəmlənən və inkişaf edən qarşılıqlı münasibətlərə xüsusi toxunulub. Bildirlib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi