Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır
Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə vurğuladığı “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır” fikri bugünkü regional reallıqları və gələcək perspektivləri dəqiq əks etdirən fundamental yanaşmadır. Bu ifadə təkcə siyasi bəyanat deyil, həm də türk dövlətlərinin qarşılıqlı əməkdaşlığının mahiyyətini, regionun artan qlobal rolunu və ortaq inkişaf modelini müəyyənləşdirən strateji mesajdır.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü tarixi hadisə kimi yadda qaldı. Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə iştirak etmək üçün bu ölkəyə səfəri, həmçinin Prezidentimizin tədbirdəki çıxışı, qəbul olunan qərarlar, imzalanan sənədlər hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir.
Ölkəmizin Mərkəzi Asiya platformasında tamhüquqlu iştirakçı statusu qazanması xarici siyasətimizin növbəti uğurudur. Bu qərarın perspektivləri Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının çıxışlarında da xüsusi qeyd edildi. Özbəkistan Prezidenti Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ilə bağlı qəbul edilən qərarı qeyd edərək bu əminliyi ifadə etdi ki, qəbul edilən qərar strateji qarşılıqlı əlaqəni və dayanıqlılığı gücləndirəcək. Həmrəyliyin gücləndirilməsi Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Azərbaycanın bu formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd etdi ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.
Tacikistan Prezidenti Emoməli Rəhmon bildirdi ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırdı. Qəbul olunan qərar, həmçinin bu qərarın yüksək dəyərləndirilməsi, Azərbaycanın gələcəkdə bu əməkdaşlıq formatına böyük töhfələr verəcəyi ilə bağlı səsləndirilən əminlik bir daha ölkəmizin artan beynəlxalq nüfuzunun, qlobal proseslərdə söz sahibliyinin göstəricisidir.



Balaxanı qəsəbəsi, Bakı şəhəri Publik Hüquqi Şəxs Statuslu M.Ə.Sabir adına 259 nömrəli tam orta ümumi təhsil məktəbinin Rəqəmsal bacarıqlar və İnformatika müəllimi Nərmin Məmmədzadə

Oxşar xəbərlər