Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir 13 noyabr 2025-ci ildə cənab prezident İlham Əliyev Özbəkistanın milli informasiya agentliyi UzA ilə müsahibə verib. Müsahibə iki ölkə arasında mövcud münasibətlərin dərinliyini və gələcək perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Müsahibədə dövlət başçısı həm Azərbaycan–Özbəkistan əməkdaşlığının strateji mahiyyətini, həm də regional əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Bu müsahibə göstərdi ki, Özbəkistan Azərbaycan üçün yalnız dost ölkə deyil, həm də qardaş dövlət və etibarlı müttəfiqdir.
Cənab prezident İlham Əliyev müsahibənin əvvəlində Azərbaycan və Özbəkistan arasındakı əlaqələrin tarixi, mədəni və mənəvi köklərinə toxundu. O bildirib ki, xalqlarımızı birləşdirən ortaq dil, mədəniyyət, etnik yaxınlıq və qədim tarixi miras bu münasibətləri xüsusi və sarsılmaz edir. Dövlət başçısının sözlərinə görə, iki ölkənin dostluğu sadəcə diplomatik müstəvidə deyil, həm də xalqlar arasındakı qardaşlıq duyğularına söykənir.
Prezident, həmçinin Ümummilli lider Heydər Əliyevə Özbəkistanda göstərilən yüksək hörmətə görə minnətdarlığını bildirib və bu münasibətin xalqlar arasında mehribanlıq ənənələrini daha da gücləndirdiyini vurğulayıb.
Müsahibənin ən geniş hissələrindən biri iqtisadi əlaqələrə həsr olunub. Cənab president İlham Əliyev bildirdi ki, iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığı sürətlə yüksəlir. Bu gün Azərbaycanda 120-dən artıq özbək kapitalı ilə fəaliyyət göstərən şirkət mövcuddur və onlar sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti kimi sahələri əhatə edir.
2025-ci ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsinin 319 milyon ABŞ dollarına çatması iqtisadi əlaqələrin genişlənməsinin real göstəricisidir. Bununla yanaşı, 2023-cü ildə yaradılmış və kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti böyük regional layihələrin icrasında aktiv rol oynayır.
Energetika sahəsində əməkdaşlıq da Azərbaycan–Özbəkistan tərəfdaşlığının önəmli istiqamətlərindəndir. SOCAR-ın Özbəkistana neft məhsulları ixrac etməsi, iki ölkə arasında enerji texnologiyaları üzrə birgə müəssisələrin yaradılması, xüsusilə bərpa olunan enerji sahəsində layihələr əlaqələrin strateji mahiyyətini daha da gücləndirir.
Prezident İlham Əliyevin UzA agentliyinə müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu təsdiqləyir.

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru Kəmalə Məmmədova

Oxşar xəbərlər