Münasibətlərin inkişafında 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura xüsusi əhəmiyyət kəsb edir

Münasibətlərin inkişafında 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura xüsusi əhəmiyyət kəsb edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş xalq arasında möhkəmlənmiş dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsini bir daha təsdiqləyir. Müsahibə yalnız mövcud əməkdaşlıq istiqamətlərini deyil, həm də regionda baş verən siyasi və iqtisadi proseslərin mahiyyətini aydın şəkildə ortaya qoyur.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin əsasını ortaq tarixi-mədəni irs, mənəvi dəyərlər və dərin köklü dostluq təşkil edir. Cənab president İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan–Özbəkistan münasibətləri təkcə siyasi maraqlara söykənmir, eyni zamanda xalqlarımızın əsrlər boyu formalaşmış ortaq yaddaşına və yaxınlığına əsaslanır. Bu baxımdan, ikitərəfli əlaqələr sırf diplomatik çərçivədən çıxaraq qardaşlıq səviyyəsinə yüksəlmişdir.
Münasibətlərin inkişafında 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura xüsusi əhəmiyyət kəsb edir. Şura iki ölkə arasında strateji xəttin müəyyənləşdirilməsi, qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır.
Müsahibədə xüsusi diqqət çəkən istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Özbəkistanın geostrateji mövqeyi hər iki ölkəyə qlobal tranzit şəbəkəsində əhəmiyyətli rol verir. Orta Dəhlizin inkişafı, yeni nəqliyyat marşrutlarının formalaşdırılması və tranzit imkanlarının artırılması region ölkələrinin iqtisadi gücünü və mövqeyini daha da möhkəmləndirir.
Energetika sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdən biridir. Azərbaycan və Özbəkistan arasında həm ənənəvi, həm də yaşıl enerji layihələrinin genişləndirilməsi qarşılıqlı iqtisadi maraqlara xidmət etməklə yanaşı, ekoloji dayanıqlığın təmin olunmasına yönəlmiş strateji addımdır. Bu, regionun enerji xəritəsində müsbət tendensiyaların formalaşmasına təkan verir.
Mədəni-humanitar əlaqələr isə iki ölkə arasındakı münasibətlərin mühüm tərkib hissəsini təşkil edir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində əsaslı rol oynamış, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi üçün möhkəm zəmin yaratmışdır. Bu gün keçirilən birgə mədəni tədbirlər, təhsil layihələri və humanitar əməkdaşlıq xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Müsahibədən aydın görünür ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ən yüksək – strateji müttəfiqlik səviyyəsinə çatmışdır. Bu müttəfiqlik qarşılıqlı etimada əsaslanır və regionda sülh, təhlükəsizlik, inkişaf və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Nəticə olaraq, cənab İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan əlaqələrinin strateji mahiyyətini, tarixi köklərdən qaynaqlanan sağlam təməlini və qarşıdakı illərdə əməkdaşlığın yeni mərhələlərə yüksələcəyini aydın şəkildə nümayiş etdirir.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəmalə Ağayeva


Oxşar xəbərlər