Dövlətin məqsədi xalqın rifahını yüksəltmək, ədaləti və sabitliyi qorumaq, ölkəmizi daha da qüdrətli etməkdir

Dövlətin məqsədi xalqın rifahını yüksəltmək, ədaləti və sabitliyi qorumaq, ölkəmizi daha da qüdrətli etməkdir
2025-ci il 12 noyabr tarixində Naxçıvanda keçirilən qəbul zamanı cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın uğurlu inkişafının əsasında güclü dövlət idarəçiliyi, sosial ədalət və xalqın rifahına xidmət dayanır. Cənab Prezidentin qeyd etdiyi “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri hər bir dövlət qulluqçusuna, eləcə də müəllim və ziyalılara məsuliyyətli yanaşma nümunəsidir. Etimadı doğrultmaq üçün hər kəs öz sahəsində səmərəli, vicdanla işləməlidir.
Çıxışda vurğulanan “Əsas prinsip sosial ədalət prinsipidir” ifadəsi bu gün dövlət siyasətinin əsas istiqamətini müəyyənləşdirir. Sosial ədalət prinsipi təkcə dövlət idarəçiliyində deyil, cəmiyyətin bütün sahələrində — təhsildən tutmuş ekologiyaya qədər — hər bir sahədə bərqərar olmalıdır. Bu prinsipin həyata keçirilməsi ölkənin hər bölgəsində insanların bərabər imkanlara sahib olması deməkdir.
Prezident İlham Əliyev həmçinin ekologiyanın qorunmasının vacibliyini xüsusi vurğuladı: “Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir.” Bu, gələcək nəsillərin sağlam mühitdə böyüməsi üçün strateji yanaşmadır. Müasir məktəblərdə də uşaqlarda təbiətə sevgi, məsuliyyət və ekoloji şüur formalaşdırmaq bizim kimi müəllimlərin borcudur.
Cənab Prezidentin “Qara şəhəri Ağ şəhərə çevirdik” sözləri Azərbaycanın son illərdə keçdiyi nəhəng inkişaf yolunun simvoludur. Həm paytaxtda, həm də bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsi, magistral yolların müasir standartlara cavab verməsi ölkəmizin gələcəyə inamla addımladığını göstərir. “Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb” fikri isə bu işlərin planlı və ardıcıl şəkildə aparıldığını təsdiqləyir.
Xüsusilə vurğulanan məqam – “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır” – sadəcə məmurlara deyil, bütün vətəndaşlara, o cümlədən müəllimlərə də örnək bir çağırışdır. Təkcə peşəkar olmaq kifayət etmir; təvazökarlıq, məsuliyyət və səmimiyyət insanın mənəvi dəyərlərini tamamlayan əsas keyfiyyətlərdir.
Bu çıxış bir daha göstərdi ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin məqsədi xalqın rifahını yüksəltmək, ədaləti və sabitliyi qorumaq, ölkəmizi daha da qüdrətli etməkdir.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta ümumtəhsil məktəbinin
rus dili və ədəbiyyat müəllimi Tənzilə Balakişiyeva




Oxşar xəbərlər