Latviya Respublikasının Prezidenti Edqar Rinkeviçin Azərbaycana rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib. Dövlət başçıları arasında baş tutan görüşlərdə və mətbuata verilən bəyanatlarda ikitərəfli münasibətlərin əsas istiqamətləri müzakirə olunub. Bu müzakirələr əsasən Azərbaycan və Latviya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın inkişafını, regional təhlükəsizlik məsələlərini və strateji tərəfdaşlıq perspektivlərini əhatə edir. Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qlobal geosiyasi və enerji böhranı fonunda enerji təhlükəsizliyi məsələsi Avropa ölkələri, o cümlədən Latviya üçün prioritet istiqamətlərdən biridir.Azərbaycan isə bu sahədə Avropanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. Ölkəmiz artıq bir sıra Avropa dövlətlərinə enerji resursları ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bu səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq. . Azərbaycanın artan investisiya imkanları və Latviyanın Avropa bazarları ilə inteqrasiya üstünlükləri bu əməkdaşlığı daha praktik nəticələrə yönəldə bilər. Bu baxımdan Azərbaycan-Latviya biznes-forumu xüsusi əhəmiyyət daşıyır. Forumda praktiki müqavilələrin, yeni tərəfdaşlıqların və birgə layihələrin müzakirəsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidi üçün mühüm siqnal sayıla bilər. Lakin Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan əhəmiyyətlidir. Avropanın enerji təhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat və yaşıl keçid kimi sahələrdə Bakı ilə Riqa arasında maraqların üst-üstə düşməsi bunu təsdiqləyir. Xüsusilə nəqliyyat-kommunikasiya layihələri fonunda Azərbaycan Şərq-Qərb bağlantısında mühüm həlqə kimi çıxış edir və bu amil Latviya üçün də əlavə imkanlar yaradır
Latviyanın Avropa İttifaqı və NATO üzvü olması isə bu münasibətlərə əlavə strateji əhəmiyyət qazandırır. Bu, Azərbaycanın Avropa məkanında mövqelərinin güclənməsinə, beynəlxalq təşkilatlarda maraqlarının daha effektiv müdafiə olunmasına töhfə verə bilər. Eyni zamanda, münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Latviya da Azərbaycanla enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu səfər Azərbaycan–Latviya münasibətlərinin yeni mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına xidmət edəcək.
Ruhin Orucov-Bakıxanov bələdiyyəsinin sədri