“8 Noyabr” Elektrik Stansiyası – Azərbaycanın enerji gücünün simvoludur

“8 Noyabr” Elektrik Stansiyası – Azərbaycanın enerji gücünün simvoludur
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son illərdə enerji sahəsində möhtəşəm uğurlara imza atmışdır. Bu uğurların ən parlaq nümunələrindən biri isə 2024-cü ildə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyasıdır. Bu stansiyanın inşası və istifadəyə verilməsi təkcə texnoloji baxımdan deyil, həm də tarixi və siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir.
1880 meqavat generasiya gücünə malik “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika sistemində mühüm rol oynayır. Bu stansiya enerji səmərəliliyini artırmaqla yanaşı, ölkənin ixrac imkanlarını genişləndirməyə, təbii qaz sərfiyyatını azaltmağa və enerjiyə qənaət etməyə şərait yaradır. Bu, həm də Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirir.
Ulu öndər Heydər Əliyevin 1974-cü ildə təməlini qoyduğu “Azərbaycan” İstilik Elektrik Stansiyasının davamı olaraq, “8 Noyabr” stansiyası Mingəçevir şəhərinin Cənubi Qafqazın enerji mərkəzi kimi rolunu daha da möhkəmləndirmişdir. Ulu Öndərin əsasını qoyduğu enerji strategiyası bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu layihənin qısa müddətdə, cəmi iki ilə reallaşdırılması Azərbaycan energetiklərinin peşəkarlığını, dövlətin gücünü və beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığını əks etdirir. Layihənin həyata keçirilməsində İtaliya və Çin şirkətlərinin də fəal iştirakı olmuşdur. Həm İtaliya, həm də Çin bu gün Azərbaycanın strateji tərəfdaşlarıdır və enerji sahəsində əməkdaşlıq daim inkişaf edir.
“8 Noyabr” adı təsadüfi seçilməmişdir. Cənab Prezident İlham Əliyev bu adı şəxsən seçərək, bu stansiyanın 2020-ci ildə əldə etdiyimiz Zəfərin rəmzi olmasını istəmişdir. 8 noyabr Zəfər Günümüzdür və bu stansiya da Azərbaycan xalqının gücünün, iradəsinin və birliyinin simvoludur.
Bu stansiyanın istifadəyə verilməsi Azərbaycanın enerji müstəqilliyinin təmin edilməsində yeni mərhələdir. Bu gün Azərbaycan nəinki öz tələbatını qarşılayır, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən birinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, enerji hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir və Azərbaycan bu sahədə nümunəvi mövqe tutmaqdadır.
Son olaraq qeyd etmək lazımdır ki, “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın davamlı inkişaf strategiyasının və düşünülmüş dövlət siyasətinin bariz nəticəsidir. Bu nəhəng enerji layihəsi həm daxili, həm də xarici siyasətdə mühüm rol oynayacaq və ölkəmizin iqtisadi, siyasi və strateji gücünü daha da artıracaqdır.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin ibtidai sinf müəllimi Təranə Nəcəfova

Oxşar xəbərlər