Braziliyanın Belem şəhərində onlarla aktivist BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) keçirildiyi məkana basqın ediblər.““Reuters” xəbər verir ki, etirazçılar arasında Braziliyanın yerli xalqlarının nümayəndələri də olub.
Onların bir qismi “Torpağımız satılmır” yazılmış plakatlar qaldırıblar. Etirazçılar torpaqlarının aqrobiznes, neft hasilatı, qanunsuz mədənlər və meşə təsərrüfatından azad edilməsini tələb ediblər.
Hadisə zamanı aktivistlər kənar şəxslərin girişinə icazə verilməyən əraziyə daxil olmağa nail olublar. Mühafizəçilər etirazçıları geri qaytarmaq üçün girişdə masalarla barrikadalar qurublar.
İnsident zamanı iki mühafizəçi yüngül xəsarətlər alıb.
Qeyd edək ki, COP30 sammitinə rəsmi olaraq noyabrın 10-da start verilib. Konfransda Braziliya Prezidenti Lula da Silva və digər dünya liderləri iştirak edirlər.