
Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir. Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Dövlətləri Təşkilatının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirilməsinə imkan yaradaraq, Təşkilatın inkişaf perspektivlərinə xidmət edir. Belə ki, BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su daşımalarından iki dəfə qısa vaxta və hava daşımalarından iki dəfə ucuz vəsaitə başa gəlir.
Beləliklə, Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlığın mümkün inkişafı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirir.
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi-Vüqar Musayev