Azərbaycan regionda qüdrətini daha da şaxələndirəcəkdir

Azərbaycan regionda qüdrətini daha da şaxələndirəcəkdir Yanvarın 21-də Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir. Hələ bir neçə il öncə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib və bu, ona böyük fayda verir. Gələcəkdə isə "Mehri dəhlizi" vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru yolunun işə düşməsi ilə şübhəsiz ki, ölkəmizdən Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiyadan keçməklə Çin Xalq Respublikasınadək nəhəng türk zolağı uzanacaq. Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən şanslar və üstünlüklər verəcək. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
"Dostluq" yatağının işlənməsi üzrə memorandum eyni zamanda Xəzər dənizinin dibi ilə kabellərin çəkilməsinə və strateji informativ resursların Azəbaycanın əlində cəmləşməsinə xidmət edən növbəti uğurun əldə olunması deməkdir. Müasir dövrün ən vacib “silahı” elə informasiyanın özüdür. Azərbaycan regionda belə bir strateji mövqeyə malik olmaqla gücünü, qüdrətini daha da şaxələndirəcəkdir. Azərbaycanı bir dünya brendinə çevirən, sözümüzü imzamız qədər etibarlı edən və bizi dünyanın ən hörmət edilən dövlətləri sırasına yüksəldən cənab Prezident İlham Əliyevin bu memorandumun imzalanmasında da müstəsna xidmətləri vardır.
 Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı, təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağın "Dostluq" yatağı adlandırılaraq onun karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, hər şeydən əvvəl, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Ona görə də "Dostluq" yatağı haqqında sənəd, Azərbaycan Prezidentinin sözləri ilə desək, "tarixi sənəddir". Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqına fayda gətirəcək.
Cəbrayılova Dilarə, 295 saylı tam orta məktəbin direktoru

Oxşar xəbərlər