Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın gələcəyinin möhkəm təməlidir

Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın gələcəyinin möhkəm təməlidir 2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər etdilər. Bu səfər təkcə dövlət səviyyəsində mühüm hadisə deyil, həm də hər bir azərbaycanlı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyır.
Prezidentin “Əziz Kəlbəcər sakinləri, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri illərlə həsrət çəkən insanların qəlbində dərin iz buraxdı.Bu sözləri təkcə bir salam deyil, bir millətin ümidinin gerçəkləşməsi idi.32 ildən sonra öz doğma yurduna qayıdan vətəndaşlarımız üçün bu gün bir tarixi qayıdış, ədalətin bərpası deməkdir. Bu, sadəcə bir tədbir deyildi — bu, ədalətin zəfəri, həsrətin sona yetməsi və yeni həyatın başlanğıcı idi.
Kəlbəcər dünyanın ən mənzərəli şəhərlərindən birinə çevrilir. Artıq yeni yaşayış komplekslərinin açılışı baş tutub, sakinlər mənzillərlə təmin olunublar. Ümumilikdə 10 mindən çox insan üçün mənzil tikilməsi nəzərdə tutulub. Eyni zamanda məktəb, park, yollar və digər sosial infrastruktur layihələri də həyata keçirilir. Bu o deməkdir ki, Kəlbəcər təkcə dağları, bulaqları ilə deyil, həm də müasir yaşayış şəraiti ilə parlaq bir şəhərə çevriləcək.
Prezident çıxışında təhsilə xüsusi önəm verdiyini vurğuladı. Bildirildi ki, Kəlbəcərdə yeni, müasir məktəb tikilir və gələn ildən istifadəyə veriləcək. Bu, gənc nəslin savadlı böyüməsinə, doğma torpaqlarında yüksək keyfiyyətli təhsil almasına imkan yaradacaq.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycan istədiyinə nail olub, ədaləti bərpa edib və ölkəmizin qarşısında yeni inkişaf dövrü açılıb. Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın gələcəyinin möhkəm təməlidir.
Biz tariximizin şahidi oluruq. Amma təkcə şahid olmaq kifayət deyil. Gələcəyin qurucuları biz olmalıyıq. Prezidentin Kəlbəcərdə dediyi kimi, bu torpaqlar artıq əbədi olaraq Azərbaycanındır. Bizim borcumuz isə o torpaqları elmimizlə, zəhmətimizlə daha da gözəlləşdirməkdir.

Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
Coğrafiya müəllimi Mail Kərimov


Oxşar xəbərlər