
Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı.
Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi.
Bu gün azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır.
Həqiqətən də bu gün Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. İnsanlar “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcərə köçürülür və proses gələcəkdə də davam edəcək.
Kəlbəcərlilər və bütövlükdə Azərbaycan xalqı üçün həm də ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcərə artıq həyat qayıdır. “Əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”, - Cənab Prezident İlham Əliyev vurğulayıb.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova