
Əzəmətli təbiəti, zəngin su ehtiyatları və strateji mövqeyi ilə seçilən Kəlbəcər Azərbaycan xalqının qəlbində xüsusi yer tutur. İşğaldan əvvəl bölgə mineral suları, füsunkar yaylaqları və turizm potensialı ilə tanınırdı. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bu təbii gözəlliyin uzun illər susqunluğa qərq olmasına səbəb oldu. Kəlbəcərin işğalı yalnız bir rayonun deyil, həm də xalqın yaddaşının, tarixinin və təbii sərvətinin itirilməsi kimi qəbul olundu.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti və xalqın birliyi sayəsində bu zülm sona çatdı. Tarix bir daha göstərdi ki, ədalət gec-tez bərpa olunur. Kəlbəcər 2020-ci ilin noyabrında döyüşsüz geri qaytarıldı və bu, Azərbaycan dövlətinin siyasi iradəsinin və güclü diplomatiyasının parlaq nümunəsinə çevrildi.
İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri də dövlətin bu torpaqlara olan xüsusi diqqətini nümayiş etdirir. Yol infrastrukturundan tutmuş enerji layihələrinə, su-elektrik stansiyalarından sosial obyektlərə qədər genişmiqyaslı işlər həyata keçirilir. Kəlbəcərdə bu baxımdan aparıcı rayonlardan biridir. “Soyuqbulaq” kiçik su elektrik stansiyası, “İstisu” mineral sular zavodunun tikintisi, müalicə-istirahət kompleksləri və “Çıraq” layihəsi çərçivəsində enerji təminatı bu bölgənin inkişaf yolunda olduğunu sübut edir.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı verdiyi bəyanatlar bir daha dövlətin möhkəm iradəsini və bölgəyə verilən yüksək dəyəri ortaya qoydu. Prezident çıxışında Kəlbəcərin artıq dünyanın ən gözəl mənzərəli şəhərləri sırasına daxil olduğunu bildirdi. O, Azərbaycanın güclü ordusunu və xalq birliyini vurğulayaraq, Ermənistanın kapitulyasiyasını məcbur edən amilin məhz bu birliyin gücü olduğunu dedi.
Cənab prezident İlham Əliyevin “Bizim işimiz quruculuqdur”, “Azərbaycan ləyaqətli dövlətdir” kimi fikirləri dövlətimizin sülhə güclü əsaslarla dayanan siyasətini bir daha təsdiqlədi. Bu gün Kəlbəcər həm strateji, həm də iqtisadi-sosial baxımdan yeni dirçəliş mərhələsinə qədəm qoyub. Kəlbəcərdə aparılan layihələr, energetika obyektləri, infrastruktur yenilənməsi və turizm potensialının inkişafı gələcəkdə rayonun dirçəlişində əsas rol oynayacaq. Prezident çıxışında Azərbaycan xalqının sabaha inamla addımladığını bir daha qeyd etdi.
Azərbaycan Ordusu bu uğurların arxasında dayanan əsas dayaqlardan biridir. Güclü ordu, güclü liderlik və xalqın birliyi ilə Azərbaycanın gələcəyi daha da işıqlı görünür. Kəlbəcər isə bu işıqlı gələcəyin dağlar qoynundakı parlaq simvoluna çevrilir.
Balaxanı qəsəbəsi, 69 №li tam orta məktəbin
tarix müəlliməsi Xəyalə Əsgərli