Ədalət Həsənov – Azərbaycan məhkəmə-tibbi ekspertizasının sistemli inkişafına rəhbərlik edən nüfuzlu şəxsiyyət

Ədalət Həsənov – Azərbaycan məhkəmə-tibbi ekspertizasının sistemli inkişafına rəhbərlik edən nüfuzlu şəxsiyyət Azərbaycan səhiyyəsinin xüsusi ixtisaslaşmış və son dərəcə məsuliyyətli sahələrindən biri olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya sistemində şəffaflıq, obyektivlik, elmi yanaşma və etik prinsiplərə əsaslanan idarəçilik müasir dövrün əsas tələblərindən biridir. Bu sahədə illərdir böyük təcrübə, prinsipiallıq və yüksək peşəkarlıq nümayiş etdirən, öz fəaliyyəti ilə tibb elmi ilə hüquq sisteminin kəsişməsində vacib körpülər yaradan Ədalət Həsənov, ölkədə məhkəmə-tibbi ekspertiza sahəsinin inkişafında mühüm rol oynayan şəxslərdən biridir. Onun rəhbərliyi ilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə qurmuş, istər maddi-texniki baza baxımından, istərsə də insan resurslarının hazırlanması və idarə olunması sahəsində ciddi irəliləyişlər əldə etmişdir. Ədalət Həsənov bu qurumun rəhbəri kimi bir neçə istiqamətdə uğurlu idarəetmə strategiyası həyata keçirir: ilk növbədə, xidmətlərin tam obyektiv, qanunauyğun və tərəfsiz həyata keçirilməsini təmin etməklə vətəndaşların hüquqi təhlükəsizliyinə xidmət edir; digər tərəfdən isə elmi əsaslarla təchiz olunmuş ekspertiza proseslərinin tətbiqi ilə ölkədə bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfələr verir. O, yalnız rəhbər deyil, həm də intellektual səviyyəsi, analitik təfəkkürü və yüksək insani dəyərləri ilə tanınan bir şəxsiyyətdir. Ədalət müəllimin təşəbbüsü ilə qurumda ciddi struktur yenilənmələri həyata keçirilmiş, laboratoriyalar ən müasir tibbi və texniki avadanlıqlarla təmin olunmuşdur. Bütün bu dəyişikliklər prosesin daha dəqiq, şəffaf və sürətli aparılmasına şərait yaratmış, eyni zamanda vətəndaş məmnuniyyətini artırmışdır. Xüsusilə vurğulanmalı məqamlardan biri də budur ki, Ədalət Həsənov rəhbərlik etdiyi qurumda şəhid ailələrinə, qazilərə və həssas təbəqədən olan insanlara münasibətdə yüksək həssaslıq göstərən idarəçilik modeli tətbiq edir. O, bu insanların ekspertiza və patoloji anatomiya proseslərində qarşılaşdığı çətinliklərin minimallaşdırılması üçün konkret qərarlar qəbul edir, operativ mexanizmlər yaradır və şəffaf xidməti təmin edir. Bu, onun insani dəyərlərə verdiyi böyük önəmin və dövlətçilik prinsiplərinə sadiqliyinin parlaq nümunəsidir. Onun rəhbərliyi dövründə regional bölmələrin fəaliyyəti genişləndirilmiş, ölkənin müxtəlif bölgələrində çalışan ekspertlərin maddi-texniki şəraiti yaxşılaşdırılmış, müasir laborator avadanlıqlar regionlara çatdırılmış və kadrların davamlı təlim-tədris sistemi qurulmuşdur. Ədalət müəllim məhz bu sistemin qurulmasına xüsusi önəm verərək, bu sahədə çalışan həkimlərin və mütəxəssislərin daim yenilənən biliklərə yiyələnməsi üçün xüsusi seminarlar, təlimlər və beynəlxalq elmi tədbirlər təşkil etmişdir. Elmi yanaşma, sistemli düşüncə və şəffaf idarəetmə – bu üç əsas prinsip onun rəhbərliyinin əsas sütunlarını təşkil edir. Ədalət müəllim həm də media ilə sağlam və düzgün münasibətlərin qurulmasına da önəm verir. O, ictimaiyyətin məlumatlandırılması, yanlış təsəvvürlərin aradan qaldırılması və sahənin nüfuzunun artırılması istiqamətində mühüm addımlar atmışdır. Onun fəaliyyəti həm səhiyyə sisteminə, həm hüquq sahəsinə, həm də cəmiyyətə xidmət edən bir fəaliyyət kimi dəyərləndirilir. Ədalət Həsənovun rəhbərlik etdiyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bu gün öz sahəsində nüfuzlu və etibarlı bir dövlət qurumuna çevrilmiş, peşəkarlıq, obyektivlik və insani münasibət prinsipləri ilə seçilərək, həm vətəndaşların, həm də dövlət orqanlarının etimadını qazanmışdır. Bu etimadın arxasında isə Ədalət müəllimin illərlə göstərdiyi prinsipial fəaliyyət, peşəkar yanaşma və yüksək insanlıq durur.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov - 4 il əvvəl – 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki qardaş ölkənin Lideri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki türk dövlətinin siyasi gücünün və həmrəyliyinin simvoluna çevrildi.

Yüz il əvvəl imzalanan Qars müqaviləsinin məntiqi sonluğu kimi də səciyyələndirə bildiyimiz Şuşa Bəyannaməsi müstəqil Azərbaycanın və Türkiyənin XXI əsrdəki yeni siyasi taleyinin rəmzidir. 100 il sonra Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları Türk birliyinin simvoludur.
Ədalət Həsənov – Azərbaycan məhkəmə-tibbi ekspertizasının sistemli inkişafına rəhbərlik edən nüfuzlu şəxsiyyət

Şuşa Bəyannaməsi bir millət, iki dövlətin möhtəşəm nüfuz və sarsılmaz qüdrətinin geosiyasi obrazını dünyaya nümayiş etdirməklə, Azərbaycan-Türkiyə münasibətlərində tamamilə yeni səhifə açdı. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın və Türkiyənin siyasi həyatında olduqca əlamətdar və qürurverici gün olan bu tarixi hadisə xalqlarımızın böyük öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün kəlamlarının öz əksini tapmaqla əcdadlara sadiqliyi nümayiş etdirdi.

Şuşa Bəyannaməsi təsdiq edir ki, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü Azərbaycanın gücüdür. Bəyannamənin imzalanmasından sonra Prezidentlərin birgə bəyanatlarında səsləndirilən fikirlər çox mühüm siyasi məzmun kəsb etməklə dünya ictimaiyyətinə ünvanlanan açıq mesajlar kimi yadda qaldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, qədim Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır.

Bəyannamə, eyni zamanda, II Qarabağ müharibəsində sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu o deməkdir ki, zəfərdən sonra Azərbaycan və Türkiyənin razılığı və iştirakı olmadan regionda heç proses və ya layihə baş tuta bilməz.

Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, bölgədə başlanmış yeni dövrü və həqiqətləri hər kəs görməlidir, Azərbaycan xalqının Zəfərini qəbul edərək gələcəyə baxmalı, bütün tərəflər üçün yaranmış yeni əməkdaşlıq imkanlarından yararlanmağa çalışmalıdır. Eyni zamanda, Ermənistan ona xoş niyyətlə uzadılan əli geri çevirməməli, gələcəyi naminə yaranan fürsətdən yaxşı istifadə etməlidir.

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb ki, onlardan ən mühümü hərbi-müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətidir. Hərbi mübadilələrin və qarşılıqlı hərbi yardımların intesivləşdirilməsi, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı tərəflərin hərbi qüdrətini artırmaqdadır. Vətən müharibəsində böyük rol oynayan pilotsuz uçuş aparatlarının yeni nəslinin mübadiləsi, habelə ən modern müasir döyüş texnikalarının iki dövlətin silahlı qüvvələrinin arsenalında yer alması və digər birgə səylərin gücləndirilməsi hərbi təhlükəsizliyinin möhkəmləndirilməsində də prinsipial məzmun kəsb edir.

Bu, həm də Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olacağı halda, bir-birini qorumaq üçün birgə addımların atılması qətiyyətinin ifadə edilməsidir. Yeri gəlmişkən, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına da açıq mesaj kimi qəbul edilməlidir.

Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələrinin zirvəyə çatdırılması, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələrdə əsl inkişaf modelinin formalaşmasını əks etdirir. Ələlxüsus da, iki qardaşın birgə iradəsi sayəsində qlobal enerji təhlükəsizliyinin, Avropanın enerji təminatının açarı olan Cənub Qaz Dəhlizinin dayanıqlılığının möhkəmlənməsi, trans-nəqliyyat və logistika qovşaqlarının yaradılması üçün də çox böyük önəm daşıyır.

Bəyannamədə ən strateji əhəmiyyət kəsb edən bəndlərdən biri regionun nəqliyyat-logistika xəritəsini dəyişən Azərbaycan və Türkiyənin qətiyyəti ilə reallaşan Orta Dəhlzin Asiya və Avropa arasında fasiləsiz nəqliyyat və ticarət bağlantısına çevrilməsidir. Bəyanatda bu dəhlizin növbəti məntəqəsi olacaq Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapması isə bir daha II Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi olduğunu təsdiqləyir. Zəngəzur dəhlizinin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi sayəsində isə qlobal nəqliyyat arteriyasının qollarının daha da genişlənəcəyinin anonsunu verir, Azərbaycan və Türkiyənin beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcəyini şərtləndirir.

Bəyannamə, həmçinin hər iki dövlətin iqtisadi qüdrətinin artması üçün çoxşaxəli sinerji hesab edilə bilər. Əsas məramlardan biri əraziyə yeni sərmayə qoyuluşu prosesinin stimullaşdırılması, regionun artan investisiya potensialının hərəkətə gətirilməsi, habelə iqtisadi-ticari dövriyyəni ən yüksək həddə ‒ 15 milyard dollara çatdırmaqdır.

Müttəfiqlik hədəfləri üzrə müəyyən edilmiş siyasi, iqtisadi, sosial, humanitar konsepsiya isə təkcə iki qardaş dövlətin deyil, eyni zamanda, türkdilli xalqların və islam dünyasının maraq və mənafeyinə, həmçinin digər region ölkələrinin rifahı və həmrəyliyinə xidmət edir. Şuşa Bəyannaməsi məram və ideya baxımından ümümbəşəridir, sülh və əməkdaşlıq çağırışlarının möhtəşəm manifestidir.

Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer alıb ki, bu da tərəflərin xarici siyasət sahəsində əlaqələndirmə və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələr həyata keçirilməsi sayəsində birgə milli maraq və mənafelərinin qorunmasını təmin edir.

Şuşa Bəyannaməsi bölgədə ənənəvi humanitar tədbirlərin keçirilməsi üçün möhkəm təməl qoyub və orada davamlı olaraq beynəlxalq konfrans, forum və toplantılar keçirilir. Belə ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə”, 2024-cü ilin iyunun 15-də isə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzularında beynəlxalq konfranslar keçirilib.

Şuşa Bəyannaməsi həm də Türk dünyasının sıx inteqrasiyasını təmin edən və güclü siyasi zəmin yaradan mühüm saziş kimi də dəyərləndirilə bilər. Məhz bu tarixi sənədin imzalanmasından üç il sonra, 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının yekununda daha mühüm bir saziş - Qarabağ Bəyannaməsi imzalandı. Bununla da Azərbaycan və Türkiyənin əsasını qoyduğu möhkəm bünövrə üzərində Türk dövlətlərinin regional və qlobal genişşaxəli fəaliyyəti üçün yeni hüquqi status və öhdəliklər müəyyənləşdirildi.

Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin regionun lider dövlətləri kimi dünyanın müasir geosiyasi və geoiqtisadi mühitində yerini və rolunu müəyyənləşdirməklə strateji hədəflərə doğru irəliləməsində möhkəm və dayanıqlı platforma rolunu oynamaqdadır.

Oxşar xəbərlər