
Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 31 ildə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft-qaz kəmərlərinin reallığa çevrilməsi dünyaya açılan pəncərə kimi dəyərləndirildi. Artıq bu pəncərənin açılması ilə növbəti layihələr üçün stimul yarandı. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və geniş mənada dünyada neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün artıq Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan, Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, bizimlə əməkdaşlıq edən dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik.
Azərbaycan Avropaya digər enerji körpüsünü də salmağa başlayıb. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisinin ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”nin Avropaya nəqli planlaşdırılır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.
Vüqar Musayev - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi