Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir

Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir Beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizindən öncə regional əməkdaşlığın inkişafına yönələn Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eyni zamanda, iqtisadi və siyasi əhəmiyyətinə görə adları çəkilən layihələrdən heç də geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq reallığa çevrilib.
Göründüyü kimi, Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. XXI əsrin tarixi hadisəsi adlandırılan Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir. Əgər bu layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar sözügedən layihələrə cəlb edilir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı Azərbaycanın bölgədə nüfuzunu daha da artırır.
İnfrastruktur layihələri bütün dünya xalqları üçün önəmlidir. Asiyanı, Çini və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasında iştirak edən hər üç ölkənin əməkdaşlıq formatı sabitlik nümunəsidir. Enerji və nəqliyyat sahəsində yeni layihələri, həmçinin Avropa İttifaqı ölkələrinə qaz ixracının genişləndirilməsini və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılmasını, elektrik enerjisi ixracının artırılmasını, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji gücünün 10 gvt, Xəzərdə isə 157 gvt təşkil etməsini, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımalarının 5 milyon tona kimi yüksəldilməsini də xüsusi qeyd etməliyik. Asiyadan Qərbə və əksinə, yükdaşımalarının artması yeni reallıq yaradır. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmağı planlaşdırır. Ümymiləşdirilmiş şəkildə qeyd etsək, dünyada enerjiyə tələbatın artdığı zamanda Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsi iki ölkənin bir cəbhədə dayanaraq öz maraqlarını təmin etməsinə imkan verir.
Vəfa Əliyeva-22 saylı uşaq poliklinikasının baş həkimi


Oxşar xəbərlər