Azərbaycan qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir

Azərbaycan qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir

Azərbaycan dünya üçün mühüm enerji tərəfdaşı və geosiyasi baxımdan əhəmiyyətli ölkəyə çevrilir. Bunu ölkəmizlə bağlı həm xaricdə, həm də daxildə keçirilən bütün beynəlxalq tədbirlər, orada səslənən hesabatlar və perspektivə yönəlmiş niyyətlər bir daha göstərir.
İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
Azərbaycan Prezidenti xatırladıb ki, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilib. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
“Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Bu gün isə bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir” – Prezident İlham Əliyev bildirib.
Neft və qazın ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Ölkəmizin xarici borcunun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir.
Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərinin inşasından danışan Prezident İlham Əliyev qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
“Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir” – deyə Azərbaycan Prezidenti bildirib.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək: “Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Azərbaycanın elektrik enerjisinə artan tələbatını əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək”.
Azərbaycan Prezidenti deyib ki, COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik.Mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək olar. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
“COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik” – Prezident İlham Əliyev bildirib.


113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər