Bu gün Azərbaycan sabit siyasi sistemə, inkişaf edən iqtisadiyyata və güclü enerji infrastrukturuna malikdir

Bu gün Azərbaycan sabit siyasi sistemə, inkişaf edən iqtisadiyyata və güclü enerji infrastrukturuna malikdir 2025-ci il iyunun 2-də Cənab Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Energetika və Yaşıl Enerji Sərgisi və “Baku Energy Forum”un açılışında çıxış etdi. Prezident öz çıxışında Azərbaycanın son 30 ildə enerji sahəsində keçdiyi inkişaf yoluna və gələcək hədəflərinə geniş şəkildə toxundu.
İlham Əliyev qeyd etdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə keçirildikdən dərhal sonra “Əsrin müqaviləsi” imzalanmış və bu, regionun geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Bu proses ümummilli lider Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdu. O dövrdə ölkənin iqtisadi vəziyyəti ağır, siyasi sabitlik isə zəif idi. Buna baxmayaraq, beynəlxalq investorlarla əməkdaşlıq qurularaq ölkənin enerji potensialı uğurla reallaşdırıldı.
Bu gün Azərbaycan sabit siyasi sistemə, inkişaf edən iqtisadiyyata və güclü enerji infrastrukturuna malikdir. Neft və qaz ÜDM-in 30 faizindən çoxunu təşkil edir, yoxsulluq səviyyəsi isə 5 faizə qədər azalmışdır. Savadlılıq səviyyəsi 100 faizdir və ölkə Avrasiyada əsas enerji və nəqliyyat qovşaqlarından birinə çevrilmişdir.
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu sayın artacağı gözlənilir. 2030-cu ilə qədər qaz ixracının 25 milyard kubmetrdən 33 milyarda çatdırılması planlaşdırılır.
Bununla yanaşı, Azərbaycan bərpaolunan enerjiyə də ciddi sərmayələr qoyur. 2030-cu ilə qədər 6,5 giqavat gücündə yaşıl enerji istehsalı planlaşdırılır ki, bu da ümumi enerji istehsalının 35 faizindən çoxunu təşkil edəcək. Bu sahədə imzalanmış sazişlər və yeni layihələr ölkənin yaşıl enerji gündəliyinin nə qədər iddialı olduğunu göstərir.
COP29 çərçivəsində əldə edilən nəticələr – o cümlədən “Bakı sıçrayışı”, İtki və Zərər Fondu, karbon bazarının işlək hala gətirilməsi – Azərbaycanın beynəlxalq səviyyədə məsuliyyətli enerji aktoru kimi mövqeyini möhkəmləndirmişdir.
Azərbaycan bu gün həm enerji hasilatında, həm də yaşıl enerjiyə keçiddə balanslı və praqmatik siyasət yürüdərək, regional və qlobal əməkdaşlığın mərkəzində yer almağa davam edir.


Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Ləman Müslümzadə

Oxşar xəbərlər