23 ay mövcud olan Şanlı Vətən tarixi

23 ay mövcud olan Şanlı Vətən tarixi
1918-ci il mayın 28-də uzun bir keşməkeşli yoldan sonra Azərbaycan xalqı öz müqəddaratını həll etmək, müstəqil dövlət yaratmaq əzmini göstərmiş oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə birinci respublika dövrünün əsası qoyuldu. Bu hadisə birdən-birə baş vermədi, parçalanmış Azərbaycan xanlıqlar dövrünün- feodal dağınıqlığının labüd sonu olan Türkmənçay müqaviləsindən sonra yarım əsrdən daha çox Şimali Azərbaycan xalqı ruslaşdırma, öz milli kimliyini unutdurma, assimilyasiya siyasətinə məruz qaldı. XIX əsrin son rübünə doğru başlayan maarifləndirmə hərəkatı son mərhələ kimi öz əksini Azərbaycanın öz İstiqlaliyyətini bəyan etməsi ilə nəticələnmişdi. Dövrün şərtlərinə baxdıqda isə bir tərəfdən çar Rusiyasında rejim dəyişikliyi və vətəndaş müharibəsinin başlaması, digər tərəfdən I Cahan müharibəsinin davam etməsi ilə əlverişli şəraitin yarandığı aşkar idi. Bu fürsəti yaxşı dəyərləndirən azərbaycanlı ziyalılar, dövlət xadimləri ən uyğun şəraitdə - Cənubi Qafqaz Seyminin dağıldığı bir dövrdə müstəqil dövlətini yaratdı.
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi bu cümlədə böyük həqiqət yatır: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. 23 ay bəlkə böyük bir zaman kimi gələ bilər, lakin bir dövlətin daha doğrusu, Cümhuriyyət rejimli bir dövlətin öz xarici siyasətini, daxili siyasətini tam şəkildə həyata keçirməsi üçün xeyli qısa zaman hesab edilir. Buna baxmayaraq, həmin dövr ərzində iki yüzdən çox qanun layihəsi irəli sürülmüş, bir qismi uğurla həyata keçirilmiş, bir qismi isə Aprel işğalı səbəbilə yarım qalmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti milli mədəni quruculuq, ordu quruculuğu, iqtisadi tədbirlər, vətəndaşlıq və digər sahələri əhatə edirdi. Bu sahələrdə keçirilən islahatlar və tədbirlər müstəqil dövlətin demokratik quruluşunun təməlini möhkəmləndirirdi. Bununla yanaşı, bir dövlətin varlığının əsasını onun xarici dövlətlər tərəfindən tanınması və qəbul edilməsi başlıca məqsədlərdən idi. Buna görə də, İstiqlal Bəyannaməsinin üçüncü maddəsində Cümhuriyyətin qonşu və digər dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmində olduğu vurğulanırdı. Bu elə də asan olmamış, yaradılmış süni maneələr rəğmən Azərbaycan Xalq Cümhuriyyəti bir çox dövlət tərəfindən de fakto və İran tərəfindən isə deyure tanınmışdır. Bu böyük nailiyyət idi. Müstəmləkə ruhlu dövlətlərin maraqlarına zidd olan bu qələbə Azərbaycanın dünya dövlətlərinin siyasi müstəvisində varlığının sübutu idi. Çox çəkmir ki, Rusiyanın göndərdiyi notalarla göstərdiyi təzyiqlərin nəticəsi kimi 1920-ci ildə aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini itirir. Müasir Azərbaycan Respublikası ilk respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir dövrün tələblərinə və milli mənafeyə uyğun formalaşdırılmış siyasi kursu həyata keçirən Azərbaycan Respublikası öz sələfinin xatirəsini əziz tutur. Hər il mayın 28-i dövlət səviyyəsində müstəqillik günü kimi qeyd edilir. 2017-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü illik yubileyi haqqında" verilmiş Sərəncam əsasında növbəti il Cümhuriyyətə dair silsilə tədbirlər keçirilmiş, elmi konfranslar, görüşlər vasitəsilə daha geniş auditoryanının diqqətinə çatdırılmışdır.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova

Oxşar xəbərlər