Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi
Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.Zaqafqaziiya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir.Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. AXC dövlət quruculuğunda, idarəetmədə bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Bu gün müstəqil respublikamız, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük qürur hissi və hörmətlə yanaşır. 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətimizin 1918-ci ildə qurulan respublikanın Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verdiyi böyük önəmin ifadəsidir.Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla xalqımız müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirib.
Tarix boyu Azərbaycanın ərazisində müxtəlif dövlətlər qurulsa da, ayrı-ayrı səbəblər üzündən uzun müddət yaşaya bilməyib. Xalq Cümhuriyyətinin yaradılması, əslində, 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Bununla xalqımız müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi. Siyasi şərhçilərin də vurğuladıqları kimi, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi, XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurdu. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Bu gün ölkəmiz regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib, bütün dünyada ləyaqətli ölkə kimi tanınır. Qısa müstəqillik tarixində respublikamızın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olmasından xəbər verir. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır. Azərbaycan o ölkələrdəndir ki, özünün milli maraqlarının keşiyində qətiyyətlə dayanır və heç kəs onunla diktat dili ilə danışa bilməz.
Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər