Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq daha da dərinləşir

Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq daha da dərinləşir Azərbaycan ilə Vyetnam arasında enerji sahəsində də əhəmiyyətli irəliləyişlər qeydə alınıb. 2019-cu ildə Azərbaycanın SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” neft şirkətləri arasında imzalanmış müqavilə bu sahədə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Eyni zamanda, Azərbaycan şirkətləri Vyetnam bazarında fəaliyyətlərini genişləndirərək yeni investisiya layihələrinin reallaşdırılması istiqamətində mühüm addımlar atıblar.
İki ölkənin dost xalqlarının bir-birinin zəngin mədəni irsinə və ənənələrinə böyük marağı var. Hazırda Vyetnamda təhsil alan azərbaycanlı tələbələrin sayının artması münasibətlərin humanitar aspektdə inkişaf etdiyini sübut edir, onların gələcəkdə bu ölkənin ictimai və iqtisadi həyatında fəal rol oynayacağına şübhə yoxdur.
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr ölkələrarası əməkdaşlığın genişlənməsinə stimul yaradır. 2018-ci ildə Fond tərəfindən Ha Giang əyalətində inşa edilən ibtidai məktəb iki ölkənin münasibətlərində humanitar əməkdaşlıq nümunəsi olmaqla yanaşı, Azərbaycanın Vyetnam cəmiyyətində nüfuzunun artmasına töhfə verib. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ilin aprelində Vyetnama səfəri çərçivəsində həyata keçirilən layihələrə verdiyi dəstək və bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə dair ifadə etdiyi niyyət isə tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm bir addım kimi dəyərləndirilir.
Vyetnamın təbii gözəllikləri və zəngin mədəni irsi böyük turistik potensiala malikdir. Bu dövlətin turizm sahəsində təcrübəsi Azərbaycan üçün yeni imkanlar yarada bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək.
Azərbaycan ilə Vyetnam arasında siyasi və iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və strateji istiqamətlər üzrə daha da genişlənir. Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri bu münasibətlərin yeni mərhələdə yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyev Vyetnam lideri cənab Lamın səfərinin daha fəal əməkdaşlığa mühüm təkan olacağını, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağını diqqətə çatdırıb.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Oxşar xəbərlər