Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyub

Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyub Azərbaycan ilə Vyetnam arasında münasibətlər bütün əsas istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın Azərbaycana səfəri, onun bu vəzifədə ilk xarici səfəri olmaqla, böyük siyasi əhəmiyyət daşıyır. Bu səfər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək. Bununla yanaşı, partiyalararası dialoqun inkişafı da mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Gözlənilən səfər də bu əlaqələrin yüksək səviyyəsini təsdiqləyəcək.
Mədəniyyət, humanitar və təhsil sahəsində əlaqələrin təməli hələ sovet dövründə qoyulub. 1955-ci ildə bəstəkar Qara Qarayev Vyetnam müharibəsinə həsr olunmuş sənədli film üçün “Vyetnam süitası” bəstələyib. Bu əsər 2023-cü ildə Hanoyda tamaşaçılara təqdim olunub. 1959–1962-ci illərdə isə rejissor Əjdər İbrahimovun təşəbbüsü ilə Vyetnamda kino məktəbi yaradılıb və onun kino sahəsində verdiyi töhfələr Vyetnam tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, ölkənin ali “Əmək” ordeninə layiq görülüb. İki Ölkə arasında mədəni əlaqələr daim inkişaf etməkdədir. 2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin qəhrəmanlığına həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi keçirilmişdir. Həmin il Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Bakıda Vyetnam Günləri təşkil olundu. Heydər Əliyev Fondu da Vyetnamda bir sıra mühüm layihələr həyata keçirir. 2018-ci ildə Ha Giang bölgəsində ibtidai məktəb inşa edilib. 2024-cü ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoya səfəri zamanı yüksək vəzifəli şəxslərlə, yaradıcı dairələrin nümayəndələri ilə və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirib. Hanoy Ticarət və Turizm Kollecinə Fondun maliyyə dəstəyi barədə sertifikat təqdim olunub.
Əməkdaşlığın perspektivli sahələrindən biri də turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava marşrutunun açılması, mədəniyyətlərarası əlaqələrin dərinləşməsinə və turizm proqramlarının inkişafına təkan verəcək. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir. İqtisadi-ticarət tərəfdaşlığı yalnız iqtisadi inkişafı stimullaşdırmaqla qalmayacaq, həm də qarşılıqlı faydalı əməkdaşlığın davamlı əsaslarını yaradacaq.

Oxşar xəbərlər