Cənab Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda mühüm mesajlar vermişdir

Cənab Prezident İlham Əliyev cari ilin  20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda  2-ci Şuşa Qlobal Media Forumunda mühüm mesajlar vermişdir Qarabağın incisi, Qafqazın Konservatoriyası kimi mənəviyyatımızın və mədəniyyətimizin paytaxtı olan Şuşa beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməkdə davam edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən 44 günlük Vətən mühribəsində azad edilən Şuşa bu gün tək regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilib. Bu baxımdan Şuşada keçirilən beynəlxalq tədbirlər həm mədəniyyət paytaxtımızın, həm də ölkəmizin dünyada tanınmasında mühüm rol oynayır. Hər bir azərbaycanlı üçün əlçatmaz arzuya çevrilən Şuşa bütün dünya üçün beynəlxalq səviyyəli tədbirlərin, siyasi diskussiyaların, mədəniyyət və sülh məkanına çevrilib.
Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, ümumilikdə rəqəmsallaşma prosesləri dünya üzrə yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarmışdır. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılması məqsədilə hələ 21-23 iyul 2023-ci il tarixlərində Şuşa şəhərində “4-cü Sənaye İnqilabı Dövründə Yeni Media” mövzusunda 1- ci Şuşa Qlobal Media Forum keçirilmişdir.
Cari ilin Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" adlı Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yenidən bir araya gəldilər. Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edib. Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında panel sessiya keçirilib. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.
Şuşada Qlobal Media Forumunun keçirilməsi təsadüfi deyildi. 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin açılış mərasimində dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar bu günün reallıqlarını tam əks etdirir. Artıq bu forum bir ənənəyə çevrilib. "Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ona ünvanlanan sualı cavablandırarkən bildirib: "Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırıla bilən edəcəkdir. Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir" deyə cənab preziddent İlham Əliyev çıxışında qeyd edib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfərdən sonra işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb. Həyata keçirilən layihələr bu ərazilərin dirçəlməsinə səbəb olur. Təbii ki, qısa bir zaman məsafəsində bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir. Böyük Qayıdış proqramı uğurla davam etdirilir. Artıq işğaldan azad olunan dörd şəhərə və dörd kəndə əzəli sakinlər dönüş ediblər.
Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapır. İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan" Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib.
"Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın" deyən Prezident diqqətə çatdırıb: "Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq", - deyə Prezident bildirib.
44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi. Müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apardı. Kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamış oldu.
Prezident İlham Əliyevin Forumda bir çox məsələlər, o cümlədən regionda baş verən proseslərlə bağlı səsləndirdiyi fikirlər dünyaya bir mesaj oldu. Şuşada keçirilən Qlobal Media Forumunun Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm bir hadisədir.


Maştağa qəsəbəsi, C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin əməkdaşı Şəhla Vəliyeva.

Oxşar xəbərlər