Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır

Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır İqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi tanınan Şuşa yenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi.
İşğaldan azad olunandan sonra Şuşada 1-ci Qlobal Media Forumu ötən il keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusuna həsr olunan Forum 21-23 iyul tarixlərində baş tutub. Cari il iyulun 20-22 iyul tarixlərində isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumun açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın moderatorluğu ilə çoxsaylı sualları cavablandırıb. Cənab İlham Əliyevin forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.
Həqiqətən də, qürurverici mənzərədir, qeyrət qalamız, gözəl məkanımız Şuşada dünyanın ən vacib məsələləri, üzləşilən problemləri müzakirə edilir, qlobal xarakterli qərarlar qəbul olunur. Bu, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik” kəlamının real nəticələridir. Qısa müddətdə Şuşanı bərpa etmək, dünyaya tanıtdırmaq, kimliyini bəyan etmək, həmçinin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirmək bilavasitə dövlətimizin qüdrətini,Cənab Prezident İlham Əliyevin mükəmməl idarəçiliyini və qurucu, yaradıcı qabiliyyətini göstərir. Mövzu da son dərəcə aktualdır. Çünki yalan, heç bir əsası olmayan, böhtan xarakterli, beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındıran, cəmiyyətləri çaşdıran, ayrı-ayrı dövlətlər haqqında mənfi obrazlar formalaşdıran informasiyalar baş alıb gedir. Azərbaycan da uzun illər dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir. Odur ki, bu mənfi tendensiyaya qarşı birgə mübarizə olduqca labüddür.
"Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın". Bu fikri Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Bu sahədə müəyyən dezinformasiyalara rast gəlindiyini vurğulayan dövlət başçısı qeyd edib ki, vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
Müxtəlif ölkələrdən bu qədər xarici qonağın, o cümlədən media mənsubunun işğaldan azad edilmiş ərazilərimizə gəlməsi, orada işğalçılar tərəfindən törədilmiş vandalizmin izlərini gözləri ilə görməsi, eləcə də bu gün Azərbaycanın həmin torpaqlarda apardığı quruculuq işləri ilə tanışlıq, bu ərazilərin əsl sakinlərinin kimlər olduğunu bilməsi çox vacibdir. Bu, Azərbaycana qarşı müxtəlif çevrələrdə hazırlanan yalan məlumatlara, formalaşdırılan mənfi rəyə qarşı atılan ən doğru addımdır. Çünki burada hər şeyə özü şahid olan, peşəsinə vicdanla yanaşan jurnalist həm təmsil etdiyi ölkəyə, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırır. Açılış mərasimində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, iştirakçıların çoxsaylı suallarını cavablandırması Forumun əhəmiyyətini əks etdirir. Cənab Prezident İlham Əliyev fəaliyyəti ərzində daim mətbuata açıq olub, yerli və xarici jurnalistlərlə görüşlər keçirib, onları maraqlandıran suallara aydınlıq gətirib. Bu, sözsüz ki, azad mətbuatı hər zaman dəstəkləyən, onların sərbəst fəaliyyətinə geniş imkanlar yaradan ölkəmizin başçısının demokratik təbiətindən irəli gəlir. Biz cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə onlarla xarici KİV-ə verdiyi müsahibələri yaxşı xatırlayırıq. O, informasiya cəbhəsində də öndə olaraq məntiqli və tutarlı cavabları ilə baş verən hadisələrin mahiyyətinin ətraflı izahını verdi, dezinformasiyaları alt-üst edərək həqiqətləri, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırdı. Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, mesajlarla zəngindir. Dövlətimizin başçısı sözügedən Forumdakı çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara da yönəltdi. Qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq. Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik.
Hazırkı dövrün çağırışları sırasında xüsusi yer alan türk dünyasının birliyinin gücləndirilməsi məsələsi Forumda da dövlətimizin başçısının diqqət göstərdiyi mövzulardan oldu. Azərbaycan Prezidenti bildirdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair baxışlarım tamamilə aydındır. Təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə.
44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarından bəhs edərkən qardaş Türkiyə ilə yanaşı, Pakistanın da siyasi və mənəvi dəstəyinin xalqımızda doğurduğu hisslər daim önə çəkilir, bu dəstəklərin ölkəmizə böyük güc verdiyi xüsusi vurğulanır. Tarixi Zəfərimizdən sonrakı dövrdə Azərbaycan-Türliyə və Azərbaycan-Pakistan münasibətlərində yeniliklər, müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da möhkəmləndiyi diqqətdən kənrda qalmır. Azərbaycanla Türkiya arasında media sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması, Ortaq Media Platformasının yaradılması da bunun bariz nümunəsidir. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında da bu məsələlərə diqqət yönəldi. Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib. Bu mühüm məqamı da vurğuladı ki, media sahəsində səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik.
Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildi. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edildi. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli faktorudur. Dövlətimizin başçısı bildirdi ki, atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.
Forumda tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun.
2-ci Şuşa Qlobal Media Forumunda da iştirakçıların müxtəlif məzmunlu suallarını geniş zəkası, dərin biliyi, tutarlı arqumentləri və dəmir məntiqi ilə cavablandıran dövlətimizin başçısı cənab İlham Əliyev həm bölgədə, həm regionda, həm də dünyada yaşanan proseslərin aydın və hərtərəfli şərhini verdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın dünyada yerini və rolunu, həyata keçirdiyi xarici siyasətin mahiyyətini, qlobal sülh və təhlükəsizliyə töhfələrini qeyd etdi. Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən cənab İlham Əliyevin fikirləri, irəli sürdüyü təşəbbüslər daim beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və təqdir olunur. Heç təsadüfi deyil ki, Prezidentimizin bu Forumdakı çıxışı qısa müddətdə dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı və təqdir olundu.
Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın sabitləşdirici, birləşdirici aktor roluna işıq salır. Azərbaycan hər zaman dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Hazırkı dövrün əsas çağırışları sırasında yeni körpülərin qurulmasıdır. Dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında da bildirdi ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq.
Forumda və bu çərçivədə təşkil olunan panel sessiyalarda aparılan fikir və təcrübə mübadilələri yalan məlumatların ifşasında, dezinformasiyaya qarşı mübarizədə kifayət qədər faydalı olacaq.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ağayeva Xəyalə.

Oxşar xəbərlər