Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman əziz tutan xalqımız daima öz xilaskarını dərin hörmət və minnətdarlıq hissi ilə anır

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman əziz tutan xalqımız daima öz xilaskarını dərin hörmət və minnətdarlıq hissi ilə anır Sirr deyil ki, hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Bu mənada, Ulu Öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
AXC-Müsavat iqtidarının səriştəsiz əməlləri, dövlət idarəçiliyində özbaşınalıq, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırmışdı və bütün bunlar ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı təəssüf ki, Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir təhlükə qarşısında Azərbaycan xalqı öz xilaskarını axtarırdı. Belə bir qarışıq dövrdə Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətlərini qəbul edib Bakıya gəldi. Belə bir taleyüklü missiyanı öz üzərinə götürərək xalqın xilaskarına çevrildi. Ulu Öndər Heydər Əliyev böyük fədakarlıq göstərərək ölkədə olan özbaşınalığı, pərakəndəliyi, anarxiyanı düzgün analiz etmiş, aradan qaldırmışdır.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Buna görə də, Milli Qurtuluş Günü məhz böyük xilaskar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman əziz tutan xalqımız daima öz xilaskarını dərin hörmət və minnətdarlıq hissi ilə anır. Bu gün də Ulu Öndərin uğurlu siyasətinin davamını görürük. Vətən müharibəsində qazanılan möhtəşəm uğur bunun misilsiz sübutudur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda yenidənqurma layihələrinin təməlini qoyur, bu torpaqlarda Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz və möhtəşəm tədbirlər həyata keçirir. Xalqımız bu gün əminliklə hər yerdə qeyd edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Həsənzadə

Oxşar xəbərlər