Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə dünya birliyinin layiqli üzvünə çevrildi

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə dünya birliyinin layiqli üzvünə çevrildi

Ermənistanın hərbi təcavüzünün genişləndiyi həmin mürəkkəb tarixi şəraitdə hakimiyyət hərislərinin kreslo uğrunda mübarizəsi xalqa ağır məşəqqətlər yaşatdı. O dövrdə özbaşınalıqlar, AXC-Müsavat hakimiyyətinin ümumiyyətlə, idarəçilik sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə meydan sulayan və ayrı-ayrı dairələrin siyasi maraqlarına xidmət edən silahlı dəstələrin özbaşınalığının Azərbaycanın daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması, bütün bunlar azmış kimi bölgələrdə separatçılıq və mərkəzdənqaçma meyillərinin güclənməsi Azərbaycanın bir dövlət kimi varlığını sual altında qoymuşdu. Belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən özünün sınanmış liderinə, ulu öndər Heydər Əliyevə üz tutdu.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər bir vətənpərvər soydaşımızın qəlbində sönməz ümid çırağı yandırdı. Böyük məşəqqətlər yaşayan xalqımız bir daha əmin oldu ki, Ümummilli Lider Azərbaycanı düçar olduğu fəlakətdən xilas edəcək. Belə də oldu. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması həmin o tarixi günlərdən başlandı. Gəncə hadisələrinin səbəb və nəticələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət bir qrupla Gəncəyə gedən Ulu Öndər AXC-Müsavat iqtidarının yetirməsi, o günədək, necə deyərlər, ipə-sapa yatmayan qiyamçı polkovnik Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, ölkəni düçar olduğu siyasi böhrandan xilas etməyin yolları barədə tövsiyələrini bildirdi. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetin fövqəladə sessiyasında fikirlərini açıqlayan Ümummilli Lider əminliklə bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq. Dahi rəhbər dönə-dönə vurğuladı ki, bu gərginlik, qarşıdurma yalnız sülh, barışıq, qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll olunmalıdır.
Məhz 1993-cü ilin 15 iyun günü çağdaş Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Sessiyada deputatların yekdil səsverməsi ilə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin gün Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü, əbədiyyət rəmzi kimi yazıldı.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə dünya birliyinin layiqli üzvünə çevrildi.
Bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərimiz siyasətini şərəflə davam etdirdi, ərazi bütövlüyümüzü təmin etdi, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı, regionda və dünyada yeni reallıqlar yaratdı. Ən əsası cənab İlham Əliyev bu gün qalib ölkənin qalib Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlər edərək bu torpaqların əsl sahibinin kim olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev adını tarixə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider, qalib Sərkərdə kimi əbədi olaraq yazdırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanına çevrildi.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
direktoru Yasin Quliyev

Oxşar xəbərlər