Azərbaycanla Qazaxıstan dost ölkədirlər

Azərbaycanla Qazaxıstan dost ölkədirlər

Qazaxıstan hazırda türk dünyasının və bütövlükdə regionun sürətlə inkişaf edən, iqtisadi cəhətdən yüksələn dövlətlərindən biridir. Ölkə başçısı da öz çıxışında Astanaya səfərləri və bu mənada Qazaxıstanın inkişafı, tərəqqisi, qüdrətlənməsi yolunda əldə etdiyi uğurları qeyd etdi. Dövlət başçısı Qazaxıstanın Azərbaycana qardaş, dost dövlət olduğunu bildirdi. “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”. Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlət başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”. Ümumilikdə isə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı prezidentlər arasında COP29-a hazırlıq prosesində Qazaxıstanın iştirakının da təmin edilməsi həm ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, həm də yeni bir təcrübə əldə edilməsinə imkan yaradacaq.
İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. İki dövlət başçısının Şuşaya səfərini isə Qarabağa şahanə səyahət kimi qəbul etmək olar. Prezidentlər burada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxmışlar. Dövlət başçıları daha sonra Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət "Yasəmən" hotelində olmuşlar. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssüratlar doğurmuşdur.
Elman Vəliyev - Abşeron Regional Elektrik Şəbəkəsi MMC-nin direktoru


Oxşar xəbərlər