
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Azərbaycan-Qazaxıstan münasibətləri ən yüksək səviyyədədir və ikitərəfli ticarət mübadiləsi yarım milyard dolları aşıb. Analitikin sözlərinə görə, hədəf yaxın illərdə bu rəqəmin 1 milyard dollara çatdırılmasıdır:
"Təbii ki, iki ölkə arasında mühüm siyasi məsələlər də gündəmdədir. Azərbaycanla Qazaxıstanın münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır. Bu da hər iki ölkəyə əsas verir ki, daha bir çox məsələ ətrafında fikir mübadiləsi aparılsın. Konkret olaraq regional təhlükəsizliklə bağlı mövqeyimizi ortaya qoyaq. Ortaq planlarımız var. Xəzəryanı ölkələrin, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizlik məsələsi çox vacib məqamlardandır. Trans-Xəzər ticarət marşrutu son illərdə öz vacibliyini daha da təsdiqləyib. Sözügedən nəqliyyat dəhlizi üzərindən malların nəqlinin artırılması tərəflərə imkanlar yaradır ki, onlara yol-nəqliyyat infrastrukturasını təkmil hala gətirsinlər, yeni standartlara uyğunlaşdırsınlar. Ticarət limanlarının da iş əmsalı artırılır. Azərbaycan və Qazaxıstan yeni nəqliyyat vasitələrinin regiona gətirilməsi və istehsalı ilə məşğul olurlar. Bu, nəticə etibarı ilə Trans-Xəzər Dəhlizin rolunu qlobal miqyasda daha da artıracaq".
İ.Vəlizadə qeyd edib ki, Qazaxıstan prezidentinin Qarabağda səfərdə olması, açılışlarda iştirak etməsi də əhəmiyyətlidir:
"Qazaxıstan Prezidenti K.C.Tokayev Qarabağa, işğaldan azad edilmiş bölgələrə səfərlər edir. Bu da Qazaxıstan xalqının Azərbaycan xalqına, mədəni irsimizin dirçəlməsinə verdiyi dəyər və töhfədir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Tokayevin səfəri Azərbaycan-Qazaxıstan dostluğunu, qardaşlığını bir daha təsdiqləyəcək".
Politoloq Əlisahib Hüseynov da "Sherg.az"a bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində sənədlərin imzalanması iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Onun sözlərinə görə, bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin ən yeni mərhələsinin təməli kimi də qiymətləndirmək olar:
"Rəsmi Bakı münasibətlərimizin dərinləşdirilməsində maraqlıdır. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə, xüsusən də Qazaxıstan ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bunu Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya ölkələrinə işgüzar və rəsmi dövlət səfərlərinin intensivləşməsindən də görmək mümkündür.
Eləcə də region dövlətlərinin başçılarının da Azərbaycana qarşılıqlı səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx əməkdaşlıq və müttəfiqlik münasibətləri qurduğu region ölkələri arasında Qazaxıstan aparıcı mövqe tutur. Bu da təbiidir. Bizi ilk növbədə dərin tarixi əlaqələr, soy, dil və din birliyi birləşdirir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Eyni zamanda ölkələrimiz arasında dərin siyasi əlaqələr mövcuddur. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan da, Qazaxıstan da TDT-nın qurucuları sırasında yer alır. Və istər Bakı, istərsə də Astana Türk birliyinin getdikcə daha güclü siyasi, iqtisadi və hərbi gücə, qlobal aktora çevrilməsində maraqlıdır. Bu mənada Qazaxıstan da Azərbaycan və Türkiyə ilə birlikdə TDT çərçivəsində inteqrasiya proseslərinin güclənməsinə ciddi töhfə verir".
Ekspert vurğulayıb ki, Qazaxıstanla Azərbaycan həm də qlobal layihələrin icrası sahəsində ciddi iş birliyinə malikdir:
"Çin və Avropanı birləşdirən Transxəzər (Orta) Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Avropa Birliyi ölkələrinə qədər nəhəng bir coğrafiyada yük daşımalarının artırılmasına böyük töhfə verəcək ki, bu prosesdə də Azərbaycan və Qazaxıstan “açar ölkə”lər rolunu oynayacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Transxəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Azərbaycan və Qazaxıstanın sıx dostluq və müttəfiqlik münasibətlərinə malik olması Şərqi Asiya ilə Avropa arasında qlobal əməkdaşlıq üçün yol açır. Başqa sözlə desək, Azərbaycan və Qazaxıstan regionları, qitələri birləşdirən nəhəng transkontinental layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkələrimizin yaxşı mənada iddialı olmaları, böyük hədəflərə köklənmələri həqiqətən də təqdirəlayiqdir. Qazaxıstan və Azərbaycan birlikdə böyük uğurlara imza atacaq. Ölkələrimiz arasında münasibətlərin yeni dövrü başlayır".