Azərbaycana Çindən gələnlərin sayı kəskin artır

Azərbaycana Çindən gələnlərin sayı kəskin artır 2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib. Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30,3% artasa da, Avropalı ziyarətçilərin sayında artım 41,9% olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, körfəz ölkələrindən gələnlərin sayında isə azalma davam edib: "2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7,4% azalıb"

Millət vəkilinin sözlərinə görə, ən çox artım 3 Asiya ölkəsinin payına düşür: "Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6% artaraq 692,6 min nəfərə çatıb".

"Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmiş, əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdi. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığını artıra bilər", - deyə V. Bayramov əlavə edib.

Oxşar xəbərlər