Cəbrayıl rayonunun işğaldan azad edilməsi, sonrakı döyüş əməliyyatlarında uğurun təməlini qoydu

Cəbrayıl rayonunun işğaldan azad edilməsi, sonrakı döyüş əməliyyatlarında uğurun təməlini qoydu
1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1993-cü ilin oktyabr ayında Füzuli rayonunun Horadiz qəsəbəsi ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra nəinki Füzuli rayonunun əksər əraziləri, eyni zamanda arazboyu ərazilərə nəzər salsaq, Cəbrayıl, Zəngilan, Qubadlıya qədər olan ərazilərimiz tam olaraq mühasirəyə salındı. Beləliklə də Azərbaycan ordusunun mühasirə vəziyyətində döyüş qabiliyyəti demək olar ki, yox vəziyyətinə gətirildi. Araz çayının kənarı ilə qaçmağa çalışan dinc əhali ermənilər tərəfindən gülləbarana tutuldu, qətlə yetirildi. Ulu Öndərimizin səyi nətəsində İran höküməti ilə danışıqlar aparıldı və mühasirədə olan əhalimiz üçün Araz çayının üstündən İran ərazisinə keçid təmin edildi ki, bu da minlərlə Azərbaycanlının qətlə yetirilməsinin, girov düşməsinin qarşısını aldı.
İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü ildə Ulu Öndərimizin komandanlığı altında yanvar ayının dördündən beşinədək davam edən məşhur Horadiz əməliyyatı - əks hücum əməliyyatı keçirildi və bu əməliyyat nəticəsində nəinki Füzuli rayonunun, həmçinin Cəbrayıl rayonunun da arazboyu kəndlərindən olan Cocuq Mərcanlı kəndi də düşməndən azad edildi. Kəndin ətrafındakı hakim yüksəkliklərin düşmən əlində olması sözügedən kənddə yaşayışı iflic edirdi. Nəhayət 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Bu yüksəklik başda olmaqla, digər yüksəkliklərin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində yaşayış bərpa olundu və tez bir zamanda bərpa quruculuq işlərindən sonra əhali kənddə yaşamağa başladı.Hətta Cocuq Mərcanlı kəndində Şuşada yerləşən Yuxarı Gövhərağa məscidinin analoji binası da inşa edildi. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi və 2017-ci ildə Böyüş Qayıdış Cocuq Mərcanlıdan başlayır şüarı ölkəmiz üçün prioritet oldu.
27 ildən sonra Azərbaycan ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi, sonrakı döyüş əməliyyatlarında uğurun təməlini qoydu, hansı ki bu ərazilərdən sonra Zəngilan, Qubadlı və hətta Laçının əlçatan olması təmin edildi. Cəbrayıl rayonunun azdlığı elə də asan məslə deyildi, 27 il ərzində düşmən çox çətin keçiləcək müdafiə xətti qurmuşdu hansı ki, bu müdafiə xətti Müzəffər Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun sayəsində darmadağın edildi.
Cəbrayıl rayonu ilə həmsərhəd olan Hadrut qəsəbəsi və onun yuxarısındakı Şaiq yüksəkliyi çox strateji bir nöqtə idi və bu ərazilərin ələ keçirilməsi Xocavənd istiqamətində və eyni zamanda Şuşaya doğru yönələn Zəfər Yolunun başlanğıcını qoyurdu. Ordumuzun apardığı davamlı və prinsipal döyüş buna da nail oldu. Həmçinin Cəbrayılın azad olması nəticəsində Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cənab Prezidentimizin buradan səsləndirdiyi bəyanat nəinki qonşu ölkələr, hətta dünyaya böyük mesaj idi.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Allah bütün şəhidlərimizə rəhmət etsin, yaşasın Müzəffər Ali Baş Komandanımız, yaşasın Müzəffər Ordumuz.

Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev

Oxşar xəbərlər