Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Vətən müharibəsində tarixi qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli-strateji hədəfləri reallaşdırmaq üçün mühüm addımlar atır. Bunlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələri əhatə edən münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri müasir dövrdə sürətlə inkişaf edir.Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşü keçiriləcəkdir. Mərkəzi Asiya ölkələrinin lideri - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirak edəcəyi toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub.
Qeyd edək ki, eyni zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsidir. Bu məqsədlə iki ölkənin qanunverici orqanları arasında ardıcıl olaraq Birinci və İkinci Parlamentlərarası Forumlar uğurla keçirilmişdir.
Əfsanə Rəhimova-Pirşağı bələdiyyəsinin sədri