2020-ci il – sürətlə dəyişən dünyamızda Azərbaycanın öz yeni tarixini yazmağa başladığı ildir. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.Tarixi qələbədən keçən üç ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir. 25-26 avqust tarixlərində Prezident İlham Əliyevin son üç ildə Laçına sayca altıncı səfəri, sakinlərlə görüşü, Laçın şəhəri günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi 8 ay müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının da qeyd etdiyi kimi : “ Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır. Lakin biz həm də unutmamalıyıq ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq”.
Artıq böyük qürur hiss ilə qeyd edə bilərik ki, laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu həqiqətləri qəbul etməyən, həzm edə bilməyən Ermənistan və onun havadarları nə qədər şivən salıb “humanitar böhran” deyib bağırsalar da, dünya həqiqəti anlayır. Biz öz torpağımızda, öz Vətənimizdə qurub yaradırıq. 30 ildə ancaq söküb dağıtmaqla, xarabalıqlar yaratmaqla məşğul olan haylardan fərqli olaraq kimsənin torpağında gözümüz yoxdur. Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu Böyük Sülh Sazişinin imzalanması və region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev