
Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Bu yerdə qeyd edək ki, təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilib. “Banduq prinsipləri” ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq hüquqa hörmətə əsaslanan məsələləri özündə ehtiva edir. Torpaqlarının işğalda olduğu on illər boyunca beynəlxalq səviyyədə ikili standartlardan əziyyət çəkən Azərbaycan üzləşdiyi haqsızlıqlara rəğmən, ədalət keşikçisi rolunda çıxış etdi Qoşulmama Hərəkatına sədrlik etdiyi bu dönəmdə. Hətta bəşəriyyət koronavirus sınağı ilə üz-üzə qaldığı dönəmlərdə də ölkəmiz yalnız öz vətəndaşlarının taleyini düşünmədi, paralel qaydada ədalətsiz peyvənd bölgüsünə məruz qalanların haqlarının müdafiəçisi qismində çıxış etdi. Dövlət başçısının xatırlatdığı kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu.
2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. O zaman Ermənistanın Azərbaycan tərəfindən irəli sürülən xilas təklifinə qarşı çıxmasını nə biz unudacağıq, nə də ədaləti hər şeydən üstün tutan digər ölkələr, xalqlar. O zaman bir sınaq dövrü idi, hər kəs, hər bir dövlət özünün gerçək simasını nümayiş etdirdi. Azərbaycanın sədrlik etdiyi dönəmdə Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Hərəkatın koronavirusla mübarizədə liderliyinə dəlalət edir, bu tarixi missiya isə məhz ölkəmizin liderliyi ilə həyata keçirildi.Qoşulmama Hərəkatının institusional inkişafı da məhz Azərbaycanın quruma sədrlik etdiyi dönəmdə baş verdi. Belə ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı təsis edildi. Azərbaycan Prezidenti Bakı toplantısında bu qurumların yaradılmasını Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olaraq xarakterizə etdi. Qeyd edək ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransına da ötən il Bakı evsahibliyi edib. Bu toplantının nə qədər uğurla təşkil olunması barədə cari ilin əvvəllərində Bəhreyndə keçirilən konfransda ayrı-ayrı ölkələrin rəsmiləri tərəfindən yüksək fikirlər eşitmək olduqca xoş idi.
Azərbaycan Prezidenti Fransa prezidentini Əlcəzair xalqından üzr istəməyə çağırdı! Bəli, işğalçı, terrorçu, müharibə cinayətlərinə imza atmış Ermənistanı bütün varlığı və yoxluğu ilə müdafiə edən Makron təkcə Azərbaycana qarşı deyil, digər bir sıra ölkələr və xalqlara qarşı da törətdiklərinə, davranışlarına görə üzr istəməli, siyasətdən getməlidir! Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra işğalçı ölkənin hərbi texnikası, silah-sursatlarının, məhv edilən işğalçıların dəbilqələrinin toplandığı Hərbi Qənimətlər Parkı yaradıldı Bakıda. O zaman Fransa başda olmaqla, bir sıra ermənipərəstlər şivən qaldırdılar, ay qoymayın, Azərbaycan “beynəlxalq hüququ pozur”, daha nə nağıllar...Amma baxın, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.
Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi öndə duran məsələ olmalıdır.Müsəlmanlar hər zaman başqa dinlərin kitablarına hörmətlə yanaşır.Quranın yandırılması umumiyyətlə böyük bir təxribatdır.Məncə radikalların bu hərəkətinə ilk olaraq xristian din xadimləri etiraz etməlidirlər.Din xadimlərinin dünyada dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə etmək yönündə böyük səylər göstərdiyi bir zamanda,üzdəniraqlar tərəfindən törədilən təxribat islamafobiya dalğasını yenidən qabartmağa xidmət edir.
Azərbaycan Prezidentinin səsinə səs verən dünya liderlərinin sayı günbəgün artacaq, Bakı toplantısından sonra nümayəndə heyətlərinin həqiqətləri daha cəsarətlə dilə gətirməsini izləmək xoş oldu. Azərbaycan dünyada yeni düzən yaradılması istiqamətində qətiyyətli təşəbbüslərlə çıxış etməkdədir. Eyni zamanda görünən budur ki, Qoşulmayanlar dünyada baş verənləri görməzdən gəlmək niyyətində deyil, artıq həm də qoşulanlar statusunda çıxış edirlər: haqqı pozulanların, ərazi bütövlüyü, suverenliyi pozulanların səsinə səs verənlərdir, Azərbaycanın sədrlik dönəmi bu təşkilata yeni nəfəs verməkdədir. Bu, bir Azərbaycan nümunəsidir!
Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin
Müəllimi Ülviyyə Rzayeva