Ümummilli lider Heydər Əliyevin xalqına bağlılığı hələ gənc yaşlarından özünü göstərirdi

Ümummilli lider Heydər Əliyevin xalqına bağlılığı hələ gənc yaşlarından özünü göstərirdi El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!
Hər birimiz Səməd Vurğunun bu misralarını uşaq yaşlarımızdan sevə-sevə, böyük bir qürurla oxuyuruq. Amma şeiri onun ifasında, kövrək səsi ilə dinləyəndə tam fərqli anlam kəsb edir. “Könül” deyəndə özünü, “can” deyəndə canı qədər sevdiyi Vətənini nəzərdə tutduğunu ən dərinlərimizdə hiss edirik.
Hər ölkənin tarixində bir qurucu, bir öndər olur. Elə bir öndər ki, onun gəlişi ilə hər şey dəyişir, çətin günlər geridə qalır, dövlət quruculuğu yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan üçün belə bir lider Heydər Əliyevdir. O, xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynamışdır. Onun hakimiyyətdə olduğu illər Azərbaycanın intibah dövrü sayıla bilər. Zəkası, fitri istedadı, parlaq fikirləri, qətiyyəti, iradəsi, uzaqgörənliyi ilə xatirələrdə silinməz iz buraxmışdır. Müstəqilliyimiz onun sayəsində əbədiyyət qazanmışdır.
Bilirik ki, tarix boyunca Azərbaycan müstəmləkə şəraitində yaşamış, xalqa mədəniyyətini, tarixini, soykökünü, adət-ənənələrini unutdurmağa çalışmışlar. Dilimizə, milli musiqi alətlərimizə, hətta dastanımıza belə yad münasibət göstərilmişdir. Çox ağır sınaqlardan keçmiş bu xalqa Heydər Əliyev kimi güclü, iradəli və ən əsası, milli-mənəvi dəyərlərinə qəlbən bağlı biri öndərlik edə bilərdi.
Ümummilli lider Heydər Əliyevin xalqına bağlılığı hələ gənc yaşlarından özünü göstərirdi. Tutduğu vəzifələrdə xalq üçün əlindən gələni etmiş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Onun Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə canlanma başladı. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyətdə irəliləyiş oldu. Məhz o illərdə bugünkü müstəqilliyimizin təməli qoyuldu, xalq bir gün azad ola biləcəyini anladı. Heydər Əliyevin göstərişi ilə gənclər xarici ölkələrə təhsil almağa göndərildi, dövlət vəzifələrinə azərbaycanlılar gətirildi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edildi və Azərbaycan dili dövlət dili kimi təsis edildi. Onun Azərbaycan dilinə olan sevgisi hər kəsə bəllidir. Onun üçün Azərbaycan dili hər şeydən əziz sayılırdı. Çıxışlarının birində demişdir: “Millətin milliliyini saxlayan onun dilidir”.
1991-ci ildə ölkəmiz müstəqilliyini yenicə qazansa da, ağır günlər keçirirdi. Qarabağ müharibəsi, idarəçiliyin zəif olması, hərc-mərclik xalqı çıxılmaz vəziyyətdə qoymuşdu. İnsanlar nicat yolunu yenə də Heydər Əliyevdə gördü. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, həyatı, sağlamlığı bahasına müstəqilliyimiz üçün gecəsini gündüzünə qatdı. Onun üçün ədalət hissi ən başda gəlirdi. 1994-cü ildə Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı ədalət uğrunda atılmış mühüm addımlardan biri idi. Təbii ki, dövlət quruculuğunda etdiyi ən vacib işlərdən biri də Konstitusiyanın qəbul edilməsi idi. Ümumxalq səsverməsi ilə qəbul edilmiş bu Konstitusiyada hüquqi dövlətin bütün prinsipləri əks etdirilmişdir. Ulu öndərin prezident olduğu illərdə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv olundu, əfv və amnistiya institutları tətbiq edilməyə başlandı.
1993-2003-cü illər ərzində Heydər Əliyev mümkünsüzü bacardı. O, Azərbaycan xalqına müstəqil, güclü, ədalətli bir cəmiyyət miras qoydu. Əgər indi Qarabağ Azərbaycandırsa, bu Heydər Əliyevin xalqın qəlbinə səpdiyi azadlıq toxumlarının cücərməsi hesabınadır. Qarabağı azad edən gənclik onun “Biz azadıq, biz müstəqilik, biz sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkməyə dəyər” cümlələrini beyninə həkk etmişdi.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva

Oxşar xəbərlər