Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, yüksək dövlət səviyyəsində aparılan müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı.
1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin psixoloqu Gülarə İsmayılova

Oxşar xəbərlər