Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu

Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin inkişaf yolunu müəyyən edir, qoyduqları irs isə gələcək nəsillər üçün dövlətçilik ənənələrinin yaşamasında inkişafın istiqamətini formalaşdırır. Azərbaycan dövlətçiliyinin tarixində Ümummilli Liderlik zirvəsinə ucalan məhz Heydər Əliyev olub. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının dahi oğlu, hər zaman Vətəninə və xalqına hədsiz məhəbbəti ilə seçilən Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik şüurunun, müasir ictimai-siyasi fikrin ən bariz təcəssümüdür. Dahi şəxsiyyət və görkəmli siyasi xadim Heydər Əliyev ən uca missiyanı həyata keçirərək müasir müstəqil Azərbaycan dövlətinin memarı olub və öz misilsiz fəaliyyəti ilə bütöv bir tarix yazıb. Ulu Öndərin həyatı və çoxşaxəli fəaliyyəti tariximizin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.
Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəridir. Müstəqil dövlətimizin tarixinə nəzər saldıqda konstitusiya, demokratiya və insan haqlarında etik normalara diqqət etmək hüquqi, ictimai-siyasi və fəlsəfi aspektdə təhlillər aparmaq olduqca zəruridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra konstitusiyada, insan haqlarında və digər məsələlərdə insanların rifahı və gələcəyi naminə bir sıra əlavələr və dəyişikliklər olunmaqla yanaşı, həm də etik norma və dəyərlərə daha çox yer verildi. Səbəbi odur ki, Azərbaycan tarixən təkcə güclü dövlətçilik, demokratik və hüquqi prinsipləri ilə deyil, həm də bütün hallarda etik normaları qoruyan, bunlara əməl edən, ümumbəşəri və milli dəyərlərə söykənən və dövlətçilik ənənələrini qoruyan fədakar bir millət kimi tarixdə iz qoymuşdur. Bütün bu müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında, demokratik prinsiplərində və insan azadlıqlarında öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaraddı. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.
X.Vəliyev adına 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər