Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur

Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur
Bayraq yalnız parça və ya simvol deyil, həm də ideoloji, siyasi, milli və mənəvi anlam daşıyır. Bayraq bir dövlətin, millətin, xalqın suverenliyi, müstəqilliyi və birliyinin təcəssümüdür. Hər bir ölkənin bayrağı onun tarixini, ənənəsini, mədəniyyətini və dəyərlərini özündə əks etdirir.
Türkləşmək, müasirləşmək, islamlaşmaq… Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü bu tezis dövlət bayrağımızın rənglərində öz əksini tapıb. Azərbaycan Respublikasının Dövlət bayrağında mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Üçrəngli Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüflər olsun ki, 1920-ci il aprelin 27-nə - Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib. 70 il müddətində xalqımız dövlət bayrağına həsrət qalıb.
Lakin, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Beləliklə çox çətin siyasi vəziyyətə baxmayaraq, ulu öndər Heydər Əliyev hər cür çətinliyə sinə gərərək bu mühüm qərarın qəbul edilməsinə nail olur. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırır.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Ümummilli lider Heydər Əliyev: - “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
Ulu öndər Heydər Əliyevin mirasını layiqli şəkildə davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur. Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü həril xüsusi təmtəraqla qeyd olunur.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuşdur. Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Bəli, bugün üçrəngli Dövlət bayrağımız Qarabağda dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası, şəhidlərimizin qanı, əsgərlərimizin şücaəti, xalqımızın birliyi sayəsində üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımızın səmalarını bəzəyir.


Zabrat qəsəbəsi, 71 №-li tam orta məktəbin
tarix müəllimi Gülnaz Quliyeva






Oxşar xəbərlər